Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, nurlu və şərəfli maarifçilik yolundan bəhs edən əsər bir şəxsin timsalında böyük bir xalqın mədəniyyət, ədəbiyyat, ziyalılıq tarixinə işıq salır.
Qum şəhərində fəaliyyət göstərən məşhur "Avayi-münci” nəşriyyatı tərəfindən çap edilən əsəri fars dilinə tanınmış tərcüməçi, şair Əkbər Əlyar Həmidi və Mehdi Yangiabadlı tərcümə ediblər. Kitabın bu versiyasının həcmi 800 səhifədir. Bundan əvvəl isə roman ərəb qrafikalı Azərbaycan əlifbası ilə iranlı oxucuların qonağı olmuşdu.

Mütərcim Əkbər Əlyar Həmidi romanın fars versiyasına əlavə etdiyi ön sözdə yazır: "El qayğısına, Vətən qayğısına, dil qayğısına qalmaq millətə, Vətənə vurğunluq olmadan mümkünsüzdür. Ola bilərdi ki, Sona xanım özü-özünə "niyə başqası yox, mən bu ağır yükün altına girməliyəm” sualını verməklə bu böyük və ağır işə girişməzdi. Yaxud oxucuya həmin sual maraqlı gələ bilər ki, görəsən, Sona xanımın bu zəhmətli işi öz öhdəsinə götürməyinin səbəbi və ya ona faydası nədən ibarətdir? Bax, elə bunun da cavabını Həsən bəy Zərdabinin 1873-cü ildə M.F.Axundova yazdığı məktubun bir hissəsindən tapa bilərik: "Söhbət xalqa məhəbbətdən, doğmalarına məhəbbətdən gedəndə bu cür suallara yer qalmamalıdır, özünü xalqın maariflənməsinə həsr edən şəxsiyyəti bu cür suallar yaradıcılıq yolundan saxlamamalıdır. Belə şəxs mükafatı özü-özündən alır...
Qeyd edək ki, bundan əvvəl İstanbulda fəaliyyət göstərən "Truva" nəşriyyatı da əsəri Türkiyə türkcəsində çap edib. Tarixi faktlarla zəngin olan iki hissəli romanı Türkiyə türkcəsinə Metin Yıldırım uyğunlaşdırıb.(artkaspi.az)
© AzNews.az