Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq - nazir

8 Dekabr 2018 11:38 (UTC+04:00)

Rusiya gələn ildən gündəlik neft istehsalını 228 min barrel azaldacaq.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Rusiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci xam neft istehsalçısıdır. Gündəlik 11,4 milyon barrel olan istehsal səviyyəsi təxminən 2 faiz, yəni 228 min barrel azaldılacaq”, - deyə nazir qeyd edib.

A.Novak razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının sutkalıq neft istehsalı ən çox (gündəlik 500 min barrel) aşağı salan dövlət olacağını deyib və bu ölkənin böyük fədakarlıq göstərdiyini bildirib: “Müttəfiq ölkələr hər ay qlobal neft bazarındakı prosesləri nəzarətdə saxlayacaq”.

OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair qərara uyğun olaraq, Rusiya və Səudiyyə Ərəbistanı 2019-cu il yanvarın 1-dən sutkalıq istehsalı təxminən 730 min barrel aşağı salacaqlar. Gələn ilin iyun ayına qədər qüvvədə olacaq bu qərar bazarın vəziyyətinə görə yenidən nəzərdən keçiriləcək. (AZƏRTAC)