Müxalifət Rəsul Quliyevin qabağından qaçdı - FAKT
12 Aprel 2013 15:05 (UTC+04:00)
Eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevin "Azərbaycana qayıtmasam, müxalifət seçkidə məğlub olacaq" siyasi kluarlarda gərgin müzakirələrə səbəb olub. Rəsul Quliyevin bu açıqlaması ilə bağlı fikirlərinə AzNews.az bir neçə partiyadan münasibət öyrənib və maraqlıdır ki, münasibəti öyrənilən hər kəs ACP liderini incik salacaq ifadələr işlətməkdən çəkinməyə çalışıb. Beləliklə....
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan müxalifətin prezident seçkisindəki şansının Rəsul Quliyevdən asılı olmadığını dedi:
"Müxalifət prezident seçkisi ilə bağlı zaman cəhətdən çox gecikib. Müxalifətin birliyi seçkilərə qədər alınmayacaqsa,nəyəsə ümid etmək olmaz. Biz, eləcə də Rəsul Quliyev müxalifətin birliyinin alınması istiqamətində çox çalışdıq. Çox təəssüf ki, bizdən asılı olmayan səbəblərdən müxalifətin birliyi alınmadı. Günü-gündən də müxalifətin birliyinə ümidlər azalır. Bu gün prezidentliyə ən şanslı namizədlər Lalə Şövkət, Əli Kərimli və Rəsul Quliyevdir. Ancaq müxalifət birliyə nail olmalıdır ki, qələbəyə ümidlərimiz artsın".
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu müxalifətin qələbə şansını seçkiqabağı mühitin dəyişdirilib, normal demokratik seçkilərin keçirilməsinə nail olmaqdan keçdiyini bildirdi:
"Azərbaycan hakimiyyəti normal seçkilər keçirməyə məhkumdur. Siyasi səbəbdən ölkəyə gələ bilməyən bütün vətəndaşlarımıza vətənə qayıtmağa şərait yaradılmalıdır. Siyasi amnististiya verilməlidir. Ölkədə vətəndaş həmrəyliyinə nail olunmalıdır. Əgər bunları hakimiyyət etməsə, KXCP olaraq hakimiyyətə gəlib, siyasi amnisttiya verəcəyik. O zaman heç kəsin seçkilərdə iştirakına qadağa qoyulmayacaq".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nürəddin Məmmədli Rəsul Quliyevin fikirlərinə münasibət bildirmək istəmədi:
"Bütün bunlar müxalidət arasında söz-söhbətləri artırır, birliyin alınması istiqamətində görülən işlərə zərbə vurur".
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsul Quliyevin dediklərinə şərh vermək istəmədiyini dedi:
"Yəqin bu Rəsul Quliuevin seçkiqabağı təbliğat tezislərindən biridir. Buna şərh vermək istəmir. Musavat partiyası seçkilərdə iştirak edib, ölkədə normal demokratik cəmiyyət yaratmağa çalışır. Bütün siyasi mühacirlərin vətənə qayıtmasına nail olmaq istəyir. Bunun üçünsə, gəlib seçkilərdə iştirak etmək lazımdır".
Nazim
AzNews.az