Nadir Qafarzadənin Cəfər Cabbarlıdan üstünlüyü

11 Dekabr 2018 11:54 (UTC+04:00)

Tanınmış aparıcı Kamran Həsənlinin “Space” televiziyasında yayımlanan verilişindən bir hissə sosial şəbəkələrdə böyük marağa səbəb olub; təxminən 10 nəfər arasında sorğu keçirilir, respondentlər Nadir Qafarzadəni tanıyır, Cəfər Cabbarlını tanımır.

Əvvəl-əvvəl sorğunun formatı barədə.

Sual verənlər sensasiya naminə Cəfər Cabbarlının tanımamasında maraqlıdır! Əks halda “Şair, yazıçı” cavabını söyləyənləri karıxdırmaq məqsədi ilə “Şair, yoxsa bəstəkar”, “Yazıçı, yoxsa bəstəkar” sualları verilməzdi.

İkincisi, cavablara vurulan aksentdən hiss olunur ki, sorğunu keçirənlər Cəfər Cabbarlının həm də şair olduğundan, üstəlik mahnı bəstələdiyindən xəbərsizdir.

Üçüncüsü, klassik bir qələm sahibi ilə dövrün populyar şou-biznes adamının müqayisəsi doğru deyil. Gedək Türkiyədə sorğu edək, görək, Əhməd Tanpınarı çox tanıyacaqlar, yoxsa Sərdar Ortacı? Amerikada Folknerin Maykl Ceksondan populyar olmadığını dəqiq bilirəm. Ədəbiyyatı qoyaq bir kənara, guya Cövdət Hacıyevi, Əzim Əzimzadəni və Adil İsgəndərovu Faiq Ağayevdən artıq tanıyırlar?

Dördüncüsü, aparıcı Kamran Həsənli və cavablardan mütəəssir olub az qala “ürəyi partlayan” Nadir Qafarzadə bu qədər geniş efir imkanlarından istifadə edib nə vaxtsa ədəbiyyatı, kitabı təbliğ və ya reklam ediblərmi? Ediblərsə, harda və necə? Ümumiyyətlə, sonuncu dəfə hansı çağdaş yazarın kitabını oxuyublar? Onlarla maraqlı imza içərisində bircə nəfərin adını çəkə bilərlərmi?

Beşincisi, “Space” kanalında ədəbiyyata aid hər hansı bir veriliş varmı? Ümumiyyətlə, efirimizdə Cəfər Cabbarlıdan sonuncu dəfə nə zaman danışılıb?

Dediyim kimi, şou-biznesin ayrı yeri var, ədəbiyyatın ayrı. Sadəcə, bizim cəmiyyətin problemi budur ki, şou-biznes öz yerini tapıb, ədəbiyyat yox. Müğənnilərin ən azı toy sənayesi var və orda öz “mətahlarını sata” bilirlər. Lakin ədəbiyyatın, kitabın sənayesi qurulmayıb. Bir yazıçının öz yaradıcılığından minimum da olsa gəlir götürmək imkanı yoxdur. Çünki kitab bazarı formalşmayıb, kitab mağazaları çox azdır, çağdaş prinsiplərlə işləyən müstəqil nəşriyyatlar yox dərəcəsindədir.

Peşəkarlığın ən vacib şərti məşğul olduğun sənətlə pul qazana bilməkdir. Bu mənada Nadir Qafarzadə şərti olaraq Cəfər Cabbarlıdan daha peşəkardır. Bir az da aydın yazsaq, cəmiyyətimiz müğənninin peşəkarlığını şərtləndirir, yazıçının yox. Bu gün Cəfər Cabbarlının mənəvi varislərindən heç biri öz sənəti hesabına Nadir Qafarzadənin bir gündə qazandığını bir ildə qazana bilməz.

Cəmiyyətdə toya, toy müğənnisinə tələbat kitabdan qat-qat üstündür. Buna görə, toya azı 50-100 manat xərcləyən statistik azərbaycanlı kitaba 5-10 manat da vermir. Onun həyatında kitab anlayışı yoxdur. O, kitaba pul xərcləmək mədəniyyətinə yiyələnməyib.

Yeri gəlmişkən, Kamran Həsənlinin də əsas gəlir mənbəyi toydur və o, qəlbinin dərinliklərində Cəfər Cabbarlının yox, Nadir Qafarzadənin yanındadır. Sadəcə, prestij üçün Cabbarlıdan danışmalıdır.

Elə mən özüm də bu köşəni yaza-yaza axşamkı toya pul tapmaq barədə düşünürəm.

Şərif Ağayar