Gənc kamança ifaçısı konsert verəcək

11 Dekabr 2018 14:41 (UTC+04:00)

Dekabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda gənc kamança ifaçısı Mədinə Şahgəldiyevanın konserti keçiriləcək.

AzNews.az konsertlə bağlı məlumat almaq üçün ifaçı ilə əlaqə saxlayıb:

“Bu, mənim sayca üçüncü konsertimdir. Daha əvvəl 2015 və 2016-cı illərdə konsertlərim olub. Dekabrın 14-də baş tutacaq konserti keçirməyi, mənə Bəstəkarlar İttifaqı sədri Firəngiz Əlizadə təklif edib.

Konsertdə Fikrət Əmirovun “Muğam-Poema” əsərini, “Çahargah” muğamını, Yan Sibeliusun əsərlərini və Pablo Sarasatinin “Qaraçı təranələri” əsərini ifa edəcəyəm”.

Qeyd edək ki, 23 yaşlı Mədinə Şahgəldiyeva Azərbaycan Milli Konservatoriyasının magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsüdür.

Səidə Nurməmmədli
AzNews.az