Gümrüdə xadimənin qətlində şübhəli bilinən Rusiya hərbçisi saxlanıldı

11 Dekabr 2018 19:56 (UTC+04:00)

Ermənistanın Gümrü şəhərində xadimənin qəddarcasına qətlində şübhəli bilinən Rusiyanın 102-ci hərbi bazasının qulluqçusu saxlanılıb.

Bu barədə məlumatı Ermənistan Baş prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan verib.

Bildirilir ki, cinayət dekabrın 2-si səhər saatlarında Slobodka ərazisində baş verib.

Naməlum şəxs 1961-ci il təvəllüdlü qadına hücum edərək onu döyüb, zərbələrin çoxunu qadının sifətinə endirdiyindən sonuncu tanınmaz hala düşüb.

Qadın xəstəxanaya çatdırılarkən yolda keçinib. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, daha əvvəl Rusiya səfirliyi cinayəti Rusiya hərbçisinin törətdiyini qətiyyətlə təkzib edirdi.

AzNews.az