“Deputatlar, icra başçıları rahatlıqla elmi ad ala bilirlər” - Ekspertdən açıqlama

12 Dekabr 2018 15:29 (UTC+04:00)

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AzNews.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, elmi faydalı hala gətirmək üçün ilk növbədə, alim əməyi layiqincə qiymətləndirilməlidir:

“Belə olanda gənclər elmin ardınca gedər. Onlar elmin dalınca ona görə getmirlər ki, alimin əməyi layiqincə dəyərləndirilmir. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir. Təəssüf ki, bu gün gənclər elm arxasınca getməkdə o qədər də maraqlı deyil. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Əlbətdə ki, ilk səbəb elmi fəaliyyətə görə verilən əmək haqqının aşağı olmağıdırsa, sonrakı yerdə institutlarda, elmi mərkəzlərdə gənclərə ciddi maneələrin olması ilə bağlıdır. Dünya ölkələrində elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 il ətrafındadır. Belə yaşda gənclər özlərini elmə tam həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Amma ölkəmizdə isə bu, mümkün deyil. Bizdə elmi dərəcə alanların, kəşflərdə adı olanların yaşı 40-50-dən yuxarıdır. Çünki bu yaşa qədər onlar öz sosial problemlərini həll etməklə məşğul olurlar. Misal üşün, bizim gənclərin maqistraturadan, həm də doktoranturadan əsgərliyə aparılmasını müdrik addım hesab etmək olmaz. Bəzi ölkələrdə (misal üçün, İsraildə) gəncləri əsgərliyə orta məktəbdən sonra, unversitetdən qabaq aparırlar. Ona görə ki, sonrakı təhsil trayektoriyası sınmasın".

Ekspert qeyd edib ki, inkişaf etmiş dövlətlərdə gəncliyin 80%-dən çoxu universitetlərdə oxuyurlar:

"Ancaq bu göstərici bizdə 20% -dən azdır. Alim olmaq vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir. Alimin təqaüdə çıxma yaşı da müzakirəyə ehtiyacı olan məsələlərdəndir. Bu gün gənclərin elmlə məşğul olması, elmi ad alması müşkül məsələdir. Amma deputatlar, icra başçılar növbədən kənar bu adı rahatlıqla ala bilirlər. Ölkə prezidenti tərəfindən verilən son fərman gənclərin önünü açacaq. Çünki elmi adların verilməsi məsələsi Təhsil Nazirliyinə veriləcək və bilavasitə onların rolu artırılacaq".

Kamran Əsədov vurğulayıb ki, son illərdə Təhsil Nazirliyində həyata keçirilən islahatlar təhsildə müsbət dəyişikliklərə gətirib çıxarıb:

"Əgər indiyə qədər AMEA-nın institutları gənclərə elmi adların alaması ilə bağlı, elmi tətqiqat işləri ilə bağlı ciddi maneələr yaradırdısa, müvafiq fərmandan sonra bu problem aradan qalxacaq. Prezidentin fərmanı elmin inkişafına, elmi tətqiqat işlərinin artmasına gətirib çıxaracaq. Çünki bu prosesin yerinə yetirilməsi başqa bir qurum tərəfindən həyata keçiriləcək".

Ekspertin sözlərinə görə, elm adamların əməyinin qiymətləndirilməsində də reformaya ehtiyac var:

"Alimlərimizin sayı 10 000 nəfərdən çoxdur. Bunların 20 % - təqribən 2000 nəfərdir. Kimdir bu 2000 nəfər? Elmi ad, dərəcə alan? Dövlət orqanlarında rəhbər vəzifə tutanlar. Amma Prezindentin fərmanı belə halların qarşısını alacaq. Gənclərə, həqiqi elmlə məşğul olmaq istəyənlərə şərait yaradılsa, elmi şərait və ya rəqabət meydanı yaradılarsa onlar öz üstünlüklərini ortaya qoya bilərlər. Hesab edirəm ki, Prezidentin bu sərəncamı elmə yeni nəfəs verəcək, inqilabi müsbət dəyişikliklərə gətirib çıxaracaq".

K.Əsədov sonda onu da əlavə edib ki, ad və dərəcələrin verilməsində ciddi islahata ehtiyac var idi:

"Bu gün bir nəfərin alim adını alması üçün onun rəhbərindən tutmuş elmi şuranın üzvünə kimi təqribən 25 alimin (elmi rəhbər, üstəgəl 2 və ya 3 opponent, üstəgəl 20-dən çox Şura üzvləri ) “hərisin”i almaq lazımdır. Əlbətdə ki, bu zaman arxası, pulu, tanışı olmayan gəncə ciddi maneə yaradılırdı. Amma yeni qaydalar bu kimi halları aradan qaldıracaq".

Səidə Nurməmmədli
AzNews.az