Pentensiar Xidmət məhkəməyə veriləcək
13 Aprel 2013 12:11 (UTC+04:00)
"Aprelin 11-də Nemət Pənahlının anasının yas mərasimində iştirak etməsinə icazə verilməsi ilə bağlı Pentensiar Xidmətə müraciət etsəm də, indiyə qədər müraciətə cavab almamışam. Hər dəfəsində də əlaqə saxladıqda bildirirlər ki, müraciətə Mədət Quliyev baxır".
Bu sözləri AzNews.az- a N.Pənahlının hüquqlarını müdafiə edən Səyyarə Heydərova bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, müraciətdə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib, ancaq bu da müsbət cavab üçün yetərli olmayıb:
"Onsuz da Nemət Pənahlıya yas mərasimində iştirak etmək üçün bir neçə saatlığa icazə verilsə də, o, daim nəzarətdə olacaq. Nemət Pənahlı heç yerə qaçan deyil. Atasının da yas mərasimində iştirakına icazə verilməyib, heç olmasa anasının yasında iştirakına şərait yaradılsın. Ancaq Pentensiar Xidmətdə ötür-ötür oyununa başlayıblar. İndi də deyirlər ki, məsuliyyəti hansısa QHT üzərinə götürsün. Təşkilat müraciət etsə bildirəcəklər ki, təşkilatda adam çoxdur, hansı məsuliyyət daşıyacaq? N.Pənahlının həbs çəkdiyi 17-ci kalonun rəisi isə bildirib ki, o, "karsda" olduğuna görə ona icazə vermək olmaz".
Məsələ ilə bağlı Ədliyyə nazirinə müraciət edəcəyini deyən S. Heydərova bunun da nəticə verməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağını söylədi.
Xatirə
AzNews.az