“Gənc yazarların əsərlərini də səsləndiririk” - “Audiokitab”ın rəhbəri ilə söhbət

14 Dekabr 2018 10:42 (UTC+04:00)

- Həsən müəllim, Azərbaycanda ilk olaraq, məhz sizin başladığınız və uğurla reallaşdırmaqda olduğunuz “Audiokitab” layihəsi barədə ətraflı məlumat verərdiniz?

- Əvvəla, onu deyim ki, “Audiokitab” layihəsi uzun müddət davam edəcək sosial bir layihədir. Bu işə üç il bundan əvvəl başlamışıq. Əsas məqsədimiz xalqımızın maariflrilməsi yolunda səmərəli, faydalı xidmət göstərməkdir. Bunun üçün biz də bu yolu seçmişik. Hələ neçə yüz illər bundan əvvəl audiokitab rüşeyimləri özünü büruzə verib. Belə ki, o vaxtlar bir nəfər oxuyardı digərləri qulaq asardılar. Aşıqların məclislərdə söylədikləri dastanlar, rəvayətlər buna misal ola bilər. Bəli, bu audiokitabın ilk variantları olub. İllər keçdikcə və texnika inkişaf etdikcə audiokitab da bundan bəhrələnərək əvvəlcə kompakt kasset, sonralar disk formasında, nəhayət informasiya texnologiyasının yüksək nailiyyətlərə nail olması, internetin dünyanın hər yerinə yayılması nəticəsində telefonla müxtəlif proqramlar sayəsində yayılmağa başladı. Və bu gün biz bu texnologiyadan bəhrələnərək audiokitab layihəsini gerçəkləşdirməyə başladıq. Bu layihədən həm azyaşlı uşaqlar, orta məktəb şagirdləri, abituriyentlər, sıravi vətəndaşlar, həm də, xaricdə yaşayan soydaşlarımız və yaş fərqindən asılı olmayaraq hər kəs yararlana bilər.

- Lahiyənizdə əsas yeri, yəqin ki, Azərbaycan ədəbiyyatının səsləndirilməsi tutur.

- Bu, mütləqdir. Təkcə yazılı ədəbiyyatımız yox, şifahi xalq ədəbiyyatımız, folklor nümunələrimiz, nağıllarımız, miflərimiz, aşıq və qəhrəmanlıq dastanlarımıza da böyük önəm veririk. Əlbəttə ki, klassiklərimizin əsərlərinin səsləndirilməsi əsas məqsədlərimizdən birincisidir. İstənilən oxucu layihəmiz vasitəsi ilə Nizami Gəncəvidən başlamış bu günə qədər olan klassiklərimizin əsərləri ilə tanış ola bilərlər. Müasir ədiblərimizin, gənc yazıçılarımızın əsərləri də diqqətimizdən kənarda qalmır.

- Müasir ədiblərimizdən, gənc yazıçılarımızdan kimlərin əsərləri səsləndirilib?

- Siyahı çox uzun olsa da əsərlərini səsləndirdiyimiz müasir və gənc yazarlardan bir neçəsinin adını çəkə bilərəm: Etimad Başkeçid, Rasim Qaraca, Şərif Ağayar, İlqar Rəsul, sənin özünün, Ülviyyə Tahir, Ayxan Ayvaz, Cəlil Cavanşir, Səməd Şıxlı və başqaları.

- Əsərləri səsləndirilən müəlliflərə qonorar ödənilibmi, ödənilibsə, nə qədər?

- Bu, kommersiya sirridir, yalnız müəlliflə “Audiokitab” arasında bağlanmış müqavilə əsasında öz həllini tapır. Ona görə məbləğ deyə bilməyəcəm.

- Dünya ədəbiyyatının klassiklərini necə, səsləndirirsinizmi?

- Çağdaş oxucunun sevə-sevə oxuduğu dünya klassiklərindən Homerin, Viktor Hüqonun, Teoder Drayzerin, Daniel Defonun, Valter Skottun və eləcə də ölkəmizdə ən çox bestselleri oxunan əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin, məşhur Amerika yazıçısı, dedektiv romanlar müəllifi Dan Brounun, Aqata Kristinin, o cümlədən qonşu Rusiya ədiblərinin əksəriyyətinin- A.S.Puşkinin, M.Lermantovun, L.Tolstoyun, Turgenevin, Dosteyevskinin və s. adlarını çəkmədiyim məşhur yazıçıların əsərlərini səsləndirmişik. Bu işi indi də davam etdirirk. Çünki, dilimizə yeni-yeni xarici ədəbiyyat tərcümə olunur və biz operativ olaraq həmin ədəbiyyatı “Audiokitab” vasitəsi ilə səsləndiririk. Dünya ədəbiyyatına müraciət etməyimiz bununla yekunlaşmır. Dünya yazıçılarının əsərləri ilə yanaşı müxtəlif xalqların adət-ənənlərini özündə əks etdirin şifahi xalq ədəbiyyatını, folklorunu, dastanlarını da səsləndiririk. Misal olaraq, Yunan xalqının həyatından bəhs edən mifik Ellada qəhrəmanlarını, “Heraklın on iki qəhrəmanlığı” mifoloyi dastanını və ən maraqlı dünya nağıllarını misal göstərə bilərəm.

- Tariximizi özündə əks etdirən kitablarda səsləndirirsiniz?

- Ulu öndərimiz Heydər Əliyevin belə bir fikri var: “Tarix olduğu kimi təqdim olunmalıdır”. Biz də çalışırıq ki, Ümimmilli liderimizin bu məsləhətinə əməl edək. Əfsuslar olsun ki, Sovet dönəmində yazılan tarix kitablarında xalqımızı üçün bəzi vacib olan faktlar Sovet ideologiyasına uyğunlaşdıraraq təhriflərə yol verilmişdir. Ona görə də bu dövrdə yazılmış tarixi kitablardan istifadə etmirik. Tarix üzrə elm adamlarımız studiyaya dəvət edilir və onların səsi ilə qədim tariximizdən tutmuş bugünkü tariximizə kimi onların mühazirələri səsləndirilir.

Azərbaycan tarixi ilə yanaşı, qardaş Türkiyə Cümhuriyyətinin tarixini, Şərq xalqlarının tarixini, eyni zamanda Qafqazda yaşayan türkdilli xalqların tarixini səsləndirmişik. Maraqlıdır ki, Rusiya Federasiyasında yaşayan Qafqaz xalqlarının tarixini isə geniş dinləyici auditoriyasını nəzərə alaraq rus dilində səsləndirdik.

Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Respulikasının Konstitusiyası, Dövlətimizin hüquqi aktlar və qanunları da “Audiokitab”da öz əksini tapmışdır.

- “Audiokitab” vasitəsi ilə səslən kitabları necə əldə etmək olar?

Yükləmə “Appstordan” və “Play Market”dən mümkündür. Bunun üçün adı çəkilən mobilstorlara daxil olaraq “audiokitab” yazmaqla bizim səsli kitabı əldə etmək olar. Qeyd edim ki orada bir sıra ölkələrin də “Audiokitab”ları var. Bizimki “audiokitab” sözü birlikdə yazılandır. Layihə barədə ətraflı tanış olmaq üçün “audiokitab.az” saytına daxil olmaqla da mümkündür. Siz burada layihənin mahiyyəti, istifadə qaydaları haqında məlumatları əldə edə bilərsiniz.

- Səsli kitablara qulaq asmaq üşün dinləyici bir audio kitab üçün nə qədər vəsait ödəməlidir?

- Kitabların qiymətləndirilməsinə müxtəlif meyarlar təsir etdiyindən fərdi qaydada yanaşılır. Dediyim kimi, audiokitabımız geniş auditoriya üçün nəzərdə tutulduğundan onun həm texnoloji, eyni zamanda, qiymət baxımından əlçatan olmasını düşünürəm ki, təmin edə bilmişik. Bundan əlavə “Audiokitab”da pulsuz kitablar da var ki, hər kəs bu kitabları rahatlıqla yükləyib qulaq asa bilərlər.

Mirmehdi,
AzNews.az