Dünyanın ən qəribə barları: o dünyaya səyahət, qan içkisi...
13 Aprel 2013 17:46 (UTC+04:00)
Dünyanın bəzi ölkələrində gecə həyatının məkanı olan barlar öz qəribəlikləri ilə fərqlənməyə çalışırlar. Bu həm də daha çox müştəri cəlb etməyin bir yoludur. Xüsusən də turistlər getdikləri ölkələrdə əyləncənin yeni məkanını axtararkən qəribəliklərə üstünlük verirlər. Məsələn Ukraynadakı tabut bar kimi. O biri dünyaya inananlar bu barda içki içməkdən imtina edirlər. Çünki bar əsl tabutu xatırladır və ölmədən tabuta girmək biriləri üçün heç də xoş deyil. 6 metr eni və 6 metr hündürlüyü ilə dar tabutları kölgədə qoyan bar dəfn mərasimində olan şam və çiçəklərlə də əsl tabutdan geri qalmır. Ölmədən tabutun içinə girib, üstəlik içki də içmək istəyirsinizsə, bunun üçün tabut bara getməyiniz məsləhətdir.
Fransadakı "Dans Le Noir" barı da qəribəliyi ilə seçilir. Bu bar tamamilə qaranlığa qərq olub. Kor ofisiantlar müştərini qapıda qarşılayaraq, onu masasına qədər ötürür. Ancaq bu zaman müştərinin gözü heç bir şey görmədiyindən digər duyğu orqanlarının köməyindən istifadə etmək lazım gəlir.
Sinqapurdakı "The Clinic" barı isə özünə nümunə kimi xəstəxanaları seçib. Bu bara gələnlər özlərini sanki xəstəxanadakı kimi hiss edirlər. Ən dəhşətlisi isə burada içkilər müştərilərə adi qədəhlərdə yox, xəstəxanadakı kimi qan torbalarında verilir. Buna görə də müştərilər çox pul verib sifariş etdikləri içkini qan torbasından içirmiş kimi qurtumlamalı olurlar. Bu da barın özəlliyidir.
Yaponiya da fərqli tərəfləri ilə seçilən barlara ev sahibliyi edən ölkələrdən biridir. Məsələn, buradakı "Alcatraz Er" barı əsl həbsxanadır. Ancaq bu həbsxanada müştəriyə səhiyyə xidməti də göstərilir. Barın qapısından içəri girə bilmək üçün mütləq qan qrupunuzu söyləməlisiniz. Əks təqdirdə qapıdakı tibb bacısı sizi içəri buraxmayacaq. Qan qrupunuzu söyləyib içəri daxil olduqdan sonra sizi həbsxanadakı kameranı xatırladan otağa müşayiət edirlər. Burada isə sizin nə içmək istəməniz əsas deyil. Çünki müştəriyə ancaq qan qrupuna uyğun olan içkilər verilir.
Yaponiyadakı başqa bir dəhşətli əyləncə məkanı isə "Vampire Cafe"dir. Burada adından da göründüyü kimi, müştərini əsl həyəcan gözləyir. Kafenin ən məşhur içkisinin adı "Qan"dır. Bu əyləncə məkanında vampirlərin həyat tərzini xatırladan dekorasiyadan istifadə edilib.
Başqa bir fərqli əyləncə məkanı isə su altında yerləşir.
"The Red Sea Star" adlı bu barda sualtı dünyanı seyr edə bilmək üçün pəncərələr var. Müştərilər rahatlıqla yaxınlıqdan keçən balıqları və digər dəniz heyvanlarını seyr edə bilərlər.
Suyun altında olduğu kimi yerin altında da əylənmək mümkündür. Bunun üçün mağarada tikilən "Guacara Taina" barına getmək lazımdır. Dominik Respublikasındakı bu qəribə barda eyni zamanda 3000 nəfər əylənə bilər. Buna görə də mağara-bar bir sıra partilərə ev sahibliyi edir.
Baobab ağacının koğuşunda bar açanlar isə təxmin etdiklərindən daha çox pul qazanmağın sevincini yaşayırlar. "Baobab Tree Bar" adlı bu məkan Cənubi Afrika Respublikasındadır. 6 min il yaşı olan baobab ağacı dünyanın ən yaşlı canlılarından biri hesab edilir.
İspaniyadakı "Casa Pocho" barının sahibləri isə pul qazanmağın daha başqa bir yolunu seçiblər. Bu barda barmeni təhqir etmək və buna görə də pulsuz pivə içmək olar. Bar sahiblərinin qoyduğu qaydaya görə barmeni təhqir etmək pulsuz içkiyə haqq qazandırır. Səbəb isə sadədir- iqtisadi böhranın çətinliklərini yaşayan insanlar bu vasitə ilə stressdən belə xilas ola bilərlər. Ancaq təbii ki, müəyyən şərtlər də var. Pulsuz içki almaq istəyən müştəri barmenin ünvanına orjinal təhqir söyləməlidir. Əks təqdirdə o, pulsuz içkiyə iddia edə bilməz.
Elnur Əzimov
AzNews.az