Yalvarıram, danışmayın...

13 Aprel 2013 14:20 (UTC+04:00)
Elşən Musayev

Söz vermişdim özümə. Söz vermişdim ki, iqtidarın meydana çıxarıb adam, vəzifə sahibi etdikləri dururkən, onların söz deməsi, mövqe bildirməsi gərəkirkən şəxsi və siyasi həyatında ölum-qalım mücadiləsi verən MƏN ağzıma su alıb oturacam, ortalıqdan çəkiləcəm. Ya da, ən azından fərdi təxəyyülün, kinin, eqonun, aqressiyanın məhsulu olan "razbborka"lardan uzaq tutacam özümü! Alınmadı...

Düşünürdüm ki, meydan qızışsa, ABŞ-ın, Avropanın, Beynəlxalq təşkilatların sərsəmləmələri başlasa, bu ölkənin gələcəyi gizlin deyil, açıq təhdidlərə məruz qalsa, bəlkə o zaman rəsmi tədbirlərdə adama məsləhət verən, "yol"göstərən, ya da ölkə rəhbərliyi salona girən kimi köynəyini az qala İran mollaları kimi altdan-üstdən qıfıllayan bəzi "sədaqət nümunələri"mizin, "siyasət "öncüllər"imizin qımı qımıldayar. Növbəti dəfə yanıldım...

Oysa, ortalıq gerçəkdən qarışıb. Həm də, dünyanın taleyi sanki Azərbaycanda həll olunurmuş təki qarışıb. ABŞ səfiri Morninqstarın nala-mıxa, sonra qaydıb bir də nala vuracağı, Milli Demokratiya İnstitutunun növbəti inqilab planını bu qədər açıq şəkildə cızacağı, ATƏT-in illərdir özünün də baş açmadığı statusu fonunda Tağı müəllim demişkən burcudacağı və ən nəhayət Rəhim Qaziyev adlı "nimdaş tarix"in belə, əlinə çömçə alıb, həqiqət, ədalət, dürüstlük qazanından pay umacağı həddə qədər qarışıb hətta! Bu qədərini gözləmirdim açığı...

Səfir son proseslərdən narahatdır...

Niyə görəsən? Dəyişən çoxmu şey var ? "Azərbaycanın dostuyam"- dediyi zaman MDİ-nin, AFU-nun sərgilədiyi "performans"ıdamı bu ölkəyə edilən dostcasına jest kimi qəbul edib cənab səfir? Yoxsa nə? Adamların öz təyinatından çıxıb, ölkənin daxili işlərinə başını soxacaq qədər irəliləməsi, siyasi mülahizə və proqnozlarla çıxış etməsi, demokratik islahatlar, müstəqil media, insan hüquqları, qanunun aliliyi adı altında yüz hoqqadan çıxmaları nə vaxtdan ümumbəşəri dəyərlərin prizması, yönü, istiqaməti olub? Bəlkə olub, bizim xəbərimiz yoxdur?

Həbsdə olan gəncliyin siyasi təfəkkürü, fəlsəfəsi ilə tanışdırmı Morninqstar? Xəbərdardımı əsl təfsilatdan? Desəm inanarmı ki, həmin gənclər sosial şəbəkələrdə ana-bacı-arvad söyüşünün birini yarım qəpikdən havaya uçururlar? Siyasi mübarizəni deyil, radikalizmi təbliğ edirlər? İmkanları olsa buraxın mərkəzi meydanları, Prezident Administrasiyasının damının belə mitinq keçirmək üçün qanuni, məqsədəuyğun, yararlı yer olduğunu deyib adama dirəşərlər ? Və.. nəhayət, bütün bu söylədiklərim fonunda, həmin o gəncliyin edə biləcəklərini deyil, edə bilməyəcəklərini müzakirə pridmeti olaraq ortaya atmaq məsələyə birtərəfli yanaşmanın, ya da mövzunu kontekstdən çıxararaq əsl həqiqətlərin fövqündə durmağın açıq göstərgisi deyilmi?

MDİ dilinimi uddu?

1 milyondan çox qrantın taleyindən hələ də xəbər-ətər yoxdur. Baş Prokurorun müraciəti gedər-gəlməzə yuvarlanıb. Sanki bunlardan tələb olunan hesabat Azərbaycana yönələn pullar deyil, ABŞ qoşunlarının İraqdakı hərbi təlimlərinə ayrılan vəsait, ya da Quantanamo həbsxanasındakı hərbi əsirlərə verilən işgəncələr haqqdadır. Hakimiyyət mənsubları qarşı tərəfdən arqumentli açıqlama gözlərkən, emosional təpkiyə qonaq olublar. Mövzudan yayınma və sapma üçünsə ortada yetərincə manevr alternativi var. Elə götürək, "offşor araşdırmaları"adı altında mediaya sızdırılan əfsanələri...

Bu mövzu ilə bağlı düz bir ay araşdırma apardım. Azərbaycan dövlət başçısı və onun ailəsini hədəfə alan"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi"ndən(OCCPR) tutmuş ta "Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu"na qədər, hər birinin fəaliyyətini təftiş etdim, bu fəaliyyətlə bağlı ən gizlin məqamlara türkün sözü"ulaşdım". (hərçənd bu araşdırmaları aparmaq mənim işim deyildi) Sonucda da məlum oldu ki, nəinki adlarını sadaladığım təşkilatlar, hətta onların törəmə qurumları, təsisatları belə yekun rəsmiyyət etibarilə heç bir mənbəyə, kökə, qeydiyyata, ünvana sığınmır. Yoxdur belə bir təşkilat! Havadadır, əllərdədir, fantaziyalardadır! Sadəcə hər ölkəyə Xədicə İsmayılova kimi birisi təhkim edilib və onların üzərindən heyrətamiz oyunlar oynanılır. Belə olmasaydı, həmin təşkilatla bağlı Azərbaycan bölümünü "tıklayan"kimi(bizim müxbirlər kateqoriyasında) Xədicənin adı monitorda anındaca bərq vurmazdı. Onun haqqında qurumun saytında jurnalist olmasından daha öncə dövlət başçısı haqqda həqarət dolu yazılar yazan biri kimi təqdimat verilməzdi. Və ya ümumi kontekstdə Azərbaycanla bağlı bütün qərəzli, müəmmalı informasiyaların altından Xədicənin dostları olan xəbər istehsalçıları çıxmazdı (Məsələn: OCCPR-in "Araşdırma lövhəsi" adlanan xüsusi axtarış proqram-saytının rəhbəri Xədicənin dostu, haker araşdırmaçı, biznes resurslarına girişi təmin edən Raul Radudur)
..İnanın, mən onlarla, yüzlərlə belə faktı, sübutu ortaya qoya bilərəm və bu araşdırma nəticələrini ön plana çıxarıb özümü çox ağıllı, fədakar kim təqdim etmək fikrindən də tam uzağam. Sadəcə fikrimin əsas qayəsi o istiqamətə yönəlib ki, hər kəs gözlə görünənlərin, guya aşkara çıxarılıbmış kimi təqdim olunanların əslində açıq təxribat olduğunu fərq edə bilsin və bütün bu oyunları bir tək dövlət başçısına deyil, ümumilikdə Azərbaycan xalqına qarşı yönələn məkrli planın tərkib hissəsi kimi qiymətləndirsin.

Və ya, ATƏT-in başıbəlalı statusu...

"Bu məsələ Daimi Şurada konsensus əsasında həll olunacaq. İclasın nə zaman keçiriləcəyi isə məlum deyil. Bu kimi məsələlərlə bağlı xüsusi prosedur mövcuddur. Bildiyim qədər proses hələ başlamayıb, hələlik Vyanada məsləhətləşmələr gedir. Mandatın dəyişdirilməsi ilə bağlı sorğu göndərməyə Azərbaycan höküməti özü qərar verir, bu məsələni dramatikləşdirmək lazım deyil"- bu sözlər ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqaya məxsusdur.

Diqqət etdinizmi? Cənab Səfir nümayişkəranə formada, üstəgəl mədəni şəkildə iqtidarın üzərinə gələn və mövcud hakimiyyəti bu məsələdə qınayan "yuyulmamış çömçə"lərə eyham vurur ki, gedin işinizlə məşğul olun, papadan artıq katoliklik etmək sizə düşməz. Amma kimə deyirsən, bəlli çevrə özünə həkk gəlib ki, elə şey-zad yoxdur. Çözüb bitirməliyik bu işi. Nə olsun ki, hər uduzduğumuz seçkidən sonra ATƏT nümayəndələrini ağ yuyub-qara sərmişik? Heç dəxli var? Ona qalsa Elşad Abdullayevə də bir zamanlar "korrupsioner rektor" , "mafioz təhsil bossu" damğasını vurmuşduq, indi çönüb olub bizimçün "hörmətli professor". Dünya dağılmayıb ki? Zərimiz tökülməyib ki..Əsas olan nəyin bizə nə zaman sərf etməsidir, vəssalam. Ayrıca, söymək kurasiyası bizdədir, iqtidar getsin öz işi ilə məşğul olsun...

Bu arada, Elşad demişkən...

Adam artıq bütün barını verıb, növbəti bahara bir şey saxlamayıb. Elə göndərdiyi videolar da, gülləsi bitən və fındıq-qoz sındırmaqdan başqa heç nəyə yaramayan tapançanı xatırladır. Ya da, bir zamanlar krosno antenalar çıxan ərəfədə video-maqnitafonlar öz dəyərini anidən necə itirmişdisə, gündəmi zəbt edən daha ciddi mövzular da Elşadı eyni şəkildə aram-aram, qram-qram dəyərsiz etdi....

Amma fikrimcə, bu kontekstdə diqqət yetirilməsi gərəkən daha ciddi məqamlar var:

1 Dövlət və hüquq-mühafizə orqanları bu haqqda nə düşünür?
2 Elşadın ekstradisiya olmama(ya da oluna bilməmə) səbəbi nədir?
3 Niyə xüsusi formatda bu prosesə cəhdlər qeydə alınmır və ya belə bir cəhd varsa, cəmiyyət bu haqqda niyə məlumatlandırılmır və yalnız mətbuatdan almış olduğu yalan-gerçək informasiyalarla kifayətlənmək məcburiyyətindədir?

...Təbii, siyasi detallar bizə məlumdur və Elşadın sığınacaq olaraq niyə məhz Fransanı seçməsi də güman ki, çoxlarında şübhə doğurmur. Və ya, Azərbaycan dövlətinə qənim kəsilən biri üçün hələ soyadını dəyişdirməyən erməni sayının 500 000 olduğu (faktiki olaraq isə 5 dəfə çoxdur) bir məmləkətdən daha rahatı olmaz, ola bilməz! Eyni zamanda o da bəllidir ki, dünya dövlətləri ekstradisiya və bu kimi məsələlərdə siyasi konyukturani, incələməni həyata keçirmək üçün beynəlxalq hüququn icra mexanizmlərinə sözün əsl mənasında "barmaq eləməkdə" mahirdir; həmin dövlətlərin bir çoxu rüşvət və korrupsiya faktını ekstradisiya üçün yetərli maddi sübut kimi qiymətləndirmir və s. Amma...burada söhbət bir tək korrupsiya faktından getmir axı. Elşad həm də şantajçıdır, dövlət qurumlarını təhdid altında saxlayan, seçkili orqanların işinə müdaxilə cəhdini etiraf edən, adı təhsil maxinasiyalarında, insan alverində keçən biridir. Yaxşı, bəs belə olan halda hüquq-mühafizə orqanları nəyi və kimi gözləyir? Niyə bu cür manevr imkanlarını fövtə verir? Bütün bu sübutları peşəkar səviyyədə dünyanın və Fransanın gözünə soxmaq olmazmı?

Ayrıca, inanin və hər kəs də əmin olsun ki, bu cəzasızlıq durumu seçki öncəsi Azərbaycana qarşı çox ciddi cəbhə açacaq. Elşadkimilər cəzalanmadığı sürəcə Rusiya Rəhimi, Qərb MDİ-ni, ya da buna bənzər alternativləri aktivləşdirəcək. Çünki, beynəlxalq aləmin, güclərin məqsədi bəllidir və belə olan halda dövlətçiliyi qorumaq, açıq-aydın görünən təhlükələrdən sığortalanmaq üçün gözləməyə, zaman itirməyə dəyməz...

Ən nəhayət...

Dünən bu yazını tamamladığım ərəfədə, paralel olaraq mətbuatdan oxuduqlarım məni gerçək anlamda həm təəccüb, həm də təəssüf hissinə boğdu...Fəqət bu dəfə özümüzünkülərin timsalında..

Təfsilata girmədən tək bir ricada bulunacam! Və bu deyəcəklərimi çox dəyər verdiyim, bu ölkənin inkişafında, dövlətçiliyin qorunmasında xidmətləri olan icra hakimlərinə deyil, sadəcə onların içində qərarlaşan bəzilərinə aid edəcəm: "Qurban sizə, yeri gəldi-gəlmədi ağzınızı açmayın da noolar..Xahiş edirəm. Hətta yalvarıram. Lütfən danışa bilmədiyiniz yerdə susun. Yeni Quba, İsmayıllı hadisələri üçün zəmin yaratmayın. Kimisə döymək, döydürmək adda bəyənat, açıqlama verməyin.
Vallah, bu tərz, bu davranış İlham Əliyevə, dövlətçiliyə xidmət deyil. Billah ki, deyil...