Bakıda 50 mərtəbəli fırlanan göydələn tikiləcək- FOTO

13 Aprel 2013 19:01 (UTC+04:00)



Bakıda tezliklə 50 mərtəbəli fırlanan göydələnin tikintisinə başlanılacaq.

"Altes Group"dan ANS PRESS-ə verilən məlumata görə, "Altes Tower" adlanacaq binanın layihəsinin müəllifi tanınmış italyan memarı Marko Viqnalidir.

M. Viqnali bildirib ki, bu barədə ona təklif Azərbaycanın "Altes Group" şirkətindən gəlib: "Həqiqətən, biz Bakıda belə bir bina tikəcəyik. Lakin bu binanın harada tikiləcəyi barədə hələ yekun qərar verilməyib. Mən bir neçə müxtəlif yerlərdə meydançalara baxdım. Ümid edirəm ki, yaxın həftələrdə onlardan biri seçiləcək.

Qeyd edək ki, belə bir binalardan birincisi yaxın vaxtlarda Dubayda inşa ediləcək. Həmin göydələn 68 mərtəbəli otelin binası olacaq. Dünyada ikinci fırlanan göydələn Bakıda tikilməlidir. Bakıdakı bina 300 metrə yaxın olacaq, bu isə təxminən 50 mərtəbə deməkdir.

Memar qeyd edib ki, saat əqrəbi istiqamətində və əksinə dövr edəcək göydələnin hər bir mərtəbəsi verilmiş sürətindən asılı olaraq tam dövrü 1-3 saat ərzində edəcək. Bu zaman səs eşidilmir, titrəyiş hiss olunmur və mənzildəki insanların başı fırlanmır.

"Altes Tower"in şüşə fasadının rəngi işıqlandırmadan asılı olaraq dəyişəcək. Mənzilləri isə "Versace" dizaynında işlənəcək və bu dizaynı şəxsən Donatello Versace özü işləyəcək.

Viqnali bürosunun proqnozlarına görə, binanın tikintisi 20 aydan çox çəkməyəcək. Binanın tərkib hissələrinin əksəriyyəti zavodda istehsal olunacaq, tikinti meydançası isə yalnız quraşdırılacaq.

Qeyd edək ki, Bu layihə "Alov Qüllələri" ("Flame Towers", "Cristal Hall" və "Altes Plaza" kimi Bakının simvollardan biri olacaq. Layihənin tikinti işlərini "Altes Construction" həyata keçirəcək.

AzNews.az