Üsyançıların lideri prezident seçildi

14 Aprel 2013 07:36 (UTC+04:00)



Mərkəzi Afrika Respublikasında (MAR) "Seleka" təşkilatından olan üsyançıların lideri Mişel Cotodiya ölkə prezidenti seçilib. APA-nın verdiyi xəbərə görə, onun dövlət başçısı vəzifəsinə təyin olunması barədə qərar Milli Keçid Şurası (MKŞ) tərəfindən yekdilliklə qəbul olunub. MKŞ-ya siyasi və ictimai təşkilatları təmsil edən 105 nümayəndə daxildir.

Mişel Cotodiyaya yaxın 18 ay müddətində seçkilər keçirmək həvalə olunub. O həmçinin təkrar seçilməsi üçün öz namizədliyini irəli sürməyəcəyinə söz verib. "Mən siz deyənləri edəcəm və özbaşınalığa yol verməyəcəm", deyə Mişel Cotodiyaya qeyd edib.

Aprelin 15-də Çadın Ncamena şəhərində MAR-la həmsərhəd dövlətlərin başçılarının görüşü keçiriləcək. Toplantıda Mişel Cotodiya və onun tərəfdarlarına qarşı mümkün tədbirlər müzakirə olunacaq.

"Seleka" təşkilatından olan üsyançılar Mərkəzi Afrika Respublikasında hakimiyyəti ötən ay ələ keçiriblər.

AzNews.az