Nyu-Cersi ABŞ-da bunu edən ilk ştat oldu

17 Dekabr 2018 12:20 (UTC+04:00)

Yeni qanun layihəsi ştatın qanunverici məclisinə 2018-ci ilin yanvar ayında təqdim olunub. Bu sənəd məclisin aşağı palatasında cəmi iki səs əleyhinə olmaqla səs çoxluğu ilə, sonra isə yuxarı palatada yekdilliklə qəbul edilib.

Ştatın əvvəlki qubernatoru Kris Kristi əvvəlcə qanun layihəsini imzalayacağını vəd edib, lakin bu vəzifədən getməzdən əvvəl lap son məqamda həmin sənədi imzalamaqdan imtina edib. Nəticədə qanun layihəsi ştatın yeni qubernatoru Fil Merfi tərəfindən imzalanıb.

Qanun layihəsi artrit xəstəliyindən əziyyət çəkən “Nousi” ləqəbli 36 yaşlı Afrika filinin şərəfinə “Nousi qanunu” adlandırılıb. Yeni qanun layihəsinə əsasən, sirk tamaşalarında vəhşi heyvanlardan istifadə edilməsi qadağan olunur. Səyyar sirkin əvvəlki sahibinin Nousi ilə qəddar davranması barədə məlumat mətbuata sızandan sonra ştatın hakimiyyət orqanları müvafiq tədbirlər görüblər. 2017-ci ildə məhkəmə Nousi adlı fili səyyar sirkin əvvəlki sahibinin əlindən alınması və həmin şəxsin həbs edilməsi barədə qərar çıxarıb. O vaxtdan Nousi heyvanlar üçün sığınacaqda yaşayır.

Bu qanun qüvvəyə minəndən sonra heç bir sirk, karnaval, parad, yarmarka və ya uşaqlar üçün zoopark tamaşaçılara filləri, pələngləri və digər ekzotik vəhşi heyvanları göstərə bilməyəcək.

Qubernator Merfi yeni qanun layihəsinin imzalanması ilə əlaqədar öz rəsmi bəyanatında bildirib ki, bu sənədi imzalamasına görə qürur hiss keçirir və onun ştatında vəhşi və ekzotik heyvanların istismar edilməsinə və onlarla qəddar rəftara yol verməyəcək. Qubernator qeyd edib ki, vəhşi heyvanlar onların özünün və ətrafdakıların təhlükəsizliyinə təminat verilməyən tamaşalarda iştirak etməməli, təbii mühitdə və ya qoruqlarda yaşamalıdırlar.(AZƏRTAC)

© AzNews.az