Həbsdəki “Nida”çılardan-Məktub

15 Aprel 2013 05:30 (UTC+04:00)

"Nida" Vətəndaş Hərəkatının həbsdə olan iki fəalı - Zaur Qurbanlı və Rəşadən Axundv Kürdəxanı təcridxanasından məktub yollayıblar. Dostları həmin məktubu sosial şəbəkələrdə yayıblar.

Rəşadət Axundov yazır:

"Hər kəsə salamlar. Məndən narahat olmayın, hər şey qaydasındadır. Alman dili öyrənirəm, maliyyə kitabları və bədii kitabları oxuyuram, məhbuslara ingilis-dili öyrədirəm. Dəyərli N!DAçılar, möhkəm olun, heç bir şeydən qorxmayın. Biz ilk gündən etibarən Azərbaycanın demokratikləşməsi, azad və ədalətli cəmiyyətin bərqərar olması üçün dinc, demokratik mübarizəmizi bəyan etmişik. Bu yolda hər cür fədəkarlığı, üzərimizə düşən işi layiqincə yerinə yetirmişik. Hakimiyyətin son addımı N!DA-nı çökdürmək, fəaliyyətinin qarşısını almaqdır. Biz heç bir zaman cinayət törətməmişik, gizli addımlar atmamışıq. Alnımız hər kəsin yanında açıqdır. Ona görə də sizlər və digər müstəqil gənclər belə çətin anlarda təşkilata daha çox sarılmalısınız. Biz N!DAçılar nəinki gəncliyimizi, bütöv ömrümüzü xalqımızın azadlığı yolunda qurban verməyə hazırıq! Qəlblərimizi yandıran azadlıq atəşi sönməsin!".


Zaur Qurbanlı isə həbsdəki vəziyyəti təsvir edib:

"Ayaqda qalmaq çətindir burada. Çünki bəzən hər dəqiqəsi keçmək bilməyən müddətin illər olma ehtimalını nəzərə aldıqda bu çətinlik anlaşılar. Bu situasiya bizim üçün ona görə xüsusilə ağırdır ki, biz nəinki insanın təbii vəziyyəti olan azadlıqdan istifadə etmişik, həm də azadlığın başqaları üçün qazanılmasına da çalışmışıq. Su balıq üçün nədirsə, azadlıq insan üçün odur. Sadəcə insan balıqdan daha dözümlüdür. Biz suyun nə olmasını anlayan ( və ya digərlərindən anlamaq üçün daha çox səy göstərmiş) balıqlarıq. Məhz bu anlayış həqiqətə daha çox yaxınlaşmaq vəziyyətimizi, ayaqda qalmamızı çətinləşdirir. Amma dözmək olur".

"Biz müxtəlif cinayətlər törətmiş minlərlə insanın əhatəsindəyik. Burada bir neçə nəfəri amansızcasına öldürəndən, residivistdən tutmuş cibəgirənə qədər hər növ insan var. Yəqin ki, 90%-dən çoxu ali təhsildən məhrumdur. Onlar anlayırlar ki, siyasi məhbuslar cinayətkar deyillər. Ona görə də bizdən "oğru qaydaları"na uyğunlaşmaq başqalarından tələb olunduğu qədər gözlənilmir. ( Lakin istənilən hər bir halda mühit onlarındır, süni də olsa, uyğunlaşmağa məcburuq)", - Zaur yazır.

Zaur Qurbanlının sözlərinə görə, siyasi məhbus olmaq sıradan cinayətləri törədərək həsbə düşməkdən daha çətindir. "Bəzən kamerada mənim optimizmimi nümunə göstərib heyrətlənirlər. Çünki onların ümid etdiklərinə ümid edə bilmərəm. Mən digər şeylərə inanıram - İnqilaba, azadlıqda olan yoldaşlarımızın Mübarizəsinə, ideyalarımızın Qalib gələcəyinə. Mən azadlıqda olanda siyasi məhbusların azadlığı üçün çalışmışam. İndi görürəm ki, əksər hallarda siyasi məhbus bunlardan xəbər tuta bilmir. Lakin inanır ki, yoldaşları onu tək buraxmır. İndi mən bilirəm ki, yoldaşlarım məni müdafiə edirlər, mən xəbər tutmasam da, hər gün mənim barəmdə düşünür və nəsə etməyə çalışırlar. Eləcə də digər vicdan məhbuslarının eyni vəziyyətdə olduğuna inanıram. Buna görə də biz 5-8 illik azadlıqsızlığı nəzərə alıb optimist qala bilirik. Əmin olun ki, poz verən şəkillərdəki təbəssümlərimiz səmimidir".

AzNews.az