Üzərindən 30 ilə yaxın bir müddət keçsə də, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də öz siyasi və hüquqi həllinə qovuşmamışdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında “nə müharibə, nə də sülh” kimi qeyri-müəyyən vəziyyət davam edir. Ona görə də siyasətdən uzaq, sırf tarixçilərin qələmi ilə tarixi faktlar əsasında problemin araşdırılması olduqca vacib və əhəmiyyətlidir. Bu baxımdan akademik Ramiz Mehdiyevin Şərq–Qərb nəşriyyatı tərəfindən çap edilmiş “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr –XVIII əsrin I rübü)” adlı kitabı Azərbaycan tarixşünaslığında yeni bir səhifədir. Görkəmli alim Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı sanballı əsərlərin müəllifidir. Bu əsərlərin hər birinin çox böyük əhəmiyyəti olmuş və cəmiyyətdə geniş əks-səda doğurmuşdur.
Müəllif göstərir ki, tarixçilər əsasən XIX əsr –XX əsrin əvvəllərində ermənilərin törətdikləri cinayətlərin açıqlanmasına yönəlmiş, daha erkən dövrlərdə, hələ e.ə IV əsrdən Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyası tarixindən başlamış XIX-XX əsrlərədək olan hadisələrə önəm verməmişdir. Bu cür problemlər təkcə Səfəvilər dövlətinin deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisində mövcud olmuş digər dövlətlərin tarixində də çoxdur. Hələ o dövrlərdə Vatikan da, Rusiya da, həmçinin dünyanın digər güclü dövlətlər də ermənilərdən istifadə ediblər. Əlbəttə ki, Səfəvilər dövrü çoxmənalıdır, ermənilər istiqamətləri dəyişməyə, xidmət etməyin sərfəli olduğu yeni dövlətlər tapmağa və onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu məsələləri təhlil edən müəllif oxucuları erməni xalqının psixologiyası, millətin xarakteri barədə düşünməyə məcbur edir.
Bu gün elmi ictimaiyyətə təqdim olunan bu kitab Qriqoryan kilsəsinin keçmişdə bizim dövlətçiliyimizə qarşı fəaliyyəti və casusluğunun siyasi aspektlərini əhatə edir. Kitab 160 səhifə olmaqla 4 fəsildən ibarətdir. I fəsildə müəllif mənbələr əsasında guya erməni tarixçiləri tərəfindən Səfəvi hökmdarları arasında “erməni fobiyasının mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə islam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən iddiaların əssasız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, orta əsr salnaməçisi Arakel Davrijetsinin, Zəkəriyyə Kenakertsinin, həmçinin Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Salnaməçilər əsərlərində göstərirlər ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib dini etiqad məsələlərində onlara tam sərbəstlik verilib, ticarətlə məşğul olmasına maneçilik törətməyib”.
Müəllif II fəsildə külli miqdarda faktoloji materiallar verir. Burada Səfəvilər dövləti ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyasının yaranma tarixi izlənilir. Qərbin agentura şəbəkəsinə cəlb edilən erməniləri satın alırlar. Eçmiədzindəki satqın strateqlər onlara rəvac verirdilər. Ermənilər Vatikan misionerlərinə nə lazım olduğunu tezliklə anladılar: Səfəvilər dövlətinin daxilində “beşinci kolon” formalaşdırmaq. Beləliklə, ermənilər XVII əsrin sonlarında Səfəvilər dövləti tənəzzülə uğrayana qədər Vatikan üçün əsas informasiya mənbəyi olmuşlar. Müəllifin qənaətinə görə Qriqoryan kilsəsinin azərbaycanlılara və türklərə qarşı siyasətinin kökləri çox uzaqlara gedir. O da Azərbaycan və Türkiyə torpaqlarında “Böyük Ermənistan” yaratmaq arzusu idi.
Kitabın III fəslində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyasından söhbət açılır. Müəllif göstərir ki, Səfəvi hökmdarları erməni kilsəsinə nəzarət məsələsində avropalıları üstələməyə nail olub, özlərindən Osmanlı Türkiyəsinə qarşı alət kimi istifadə edilməsinə imkan verməyiblər.
Müəllif Qriqoryan kilsəsi ilə Moskva dövləti arasında gizli əlaqələr məsələsinə xüsusi diqqət ayırır və qeyd edir, ki erməni ruhanilər Qərbdə öz siyasi tədbirləri uğursuzluğa düçar olacağı halda Moskvanı özlərinə alternativ himayədar hesab etməyə başladılar. Ermənilər Səfəvilər dövlətinin zəifləməsini, Xəzər regionunda Rusiyanın güclənməsini hiss edərək öz prioritetlərini dəyişdilər və şimala yönəldilər. Müəllif yazır: “XX əsrin əvvəllərində ermənilər özlərinin satqınlığı və “beşinci kolon” rolu sayəsində Azərbaycanın tarixi torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət yaradılması ilə mükafatlandırıldılar” Sonda Ramiz Mehdiyev özünün vətəndaşlıq mövqeyini ortaya qoyur. Göstərir ki, əgər tarixi öyrənməsək, ondan lazımı dərs almasaq, o təkrarlana bilər. Faktlar göstərir ki, bu gün Azərbaycanda müşahidə etdiklərimiz bir növ həmin hadisələrin davamıdır. Müəllifin vurğuladığı kimi öz keçmişini bilməyən, öz problemləri ilə tanış olmayan millət özünü müdafiə etmək iqtidarında olmur. Bütün bunlar, görkəmli alimin öz millətinin taleyinə biganə qalmamasından və məsuliyyət hissindən irəli gəlir.
N.Ə.Əhmədova
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri,
t.ü.f.d.,dosent