Həbsxanalardan tükürpədici xəbərlər: Məhbus özünü doğrayıb
15 Aprel 2013 08:50 (UTC+04:00)
"Əgər Penitensiar Xidmət həbsxanalardakı vəziyyətin yaxşılığa doğru dəyişdiyini, içəriyə narkotik maddələrin keçirilməsinin qarşısını aldığını iddia edirsə, o zaman 17-ci kolondakı 4-cü korpusun məhbuslarının qan analizi aparılsın. Analiz nəticəsində əslində vəziyyətin necə olduğu üzə çıxacaq".
Bunu AzNews.az-a hüquq müdafiəçisi Səyyarə Heydərova deyib. Onun sözlərinə görə, bu korpusda saxlanılan məhbusların vəziyyətləri sözün həqiqi mənasında acınacaqlıdır:
"Məhbusların yeməkləri mənimsənir, bu məsələni araşdırmaq lazımdır. Vəziyyət dözülməz həddədir. İş o yerə çatıb ki, hətta bu yaxında orada bir məhbus özünü doğradı. Təcili xəstəxanaya aparıb tikiş qoydular. Hadisəni isə prokurorluqdan gizlətdilər".
Məhbus yaxınlarını belə faktlarla bağlı ona müraciət etməyə çağıran hüquq müdafiəçisi "Deyirlər ki, guya Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunandan həbsxanalarda vəziyyət yaxşılaşıb. Hələ yaxşılaşmış vəziyyət budursa, mən pis olan vəziyyəti təsəvvür edə bilmirəm" - deyə vurğulayıb.
Xatirə
AzNews.az