Heydər Əliyev Xamneyini necə pərt etmişdi? - VİDEO

24 Dekabr 2018 18:07 (UTC+04:00)

“Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.

Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xamneyidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xamneyinin doğulduğu kənd -V.Q.) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundov da əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundovun adını eşitmisiniz?

- Eşitmişəm, - deyə Xamneyi həvəssiz cavab verdi.

Xamneyini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu fanatizmə qarşı mübarizə aparan, fars rejimi haqqında bir-birindən kəskin ittihamlar irəli sürməkdən çəkinməyən məşhur “Kəmalüddövlə məktubları” traktatının müəllifi ilə həmyerli olmasından xüsusi qürur duymurdu.

Sonra İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsinin həlli, Ermənistanla aparılan danışıqlar haqqında bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm Ermənistan, həm də Azərbaycanla qonşu olan dövlət kimi bu məsələyə münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi.

... Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamneyi artıq İranın rəsmi dövlət dili sayılan farscaya keçmişdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan onun nitqinin rus dilinə, həm də çox naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq havası yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə “Podojdite!” - deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq soruşdu:

- Ağayi Xamneyi, bir az əvvəl biz sizinlə öz ana dilimizdə danışırdıq. Başa düşürəm ki, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma niyə tərcümənin ruscaya edildiyini başa düşmürəm.

- Bəs, mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus dilidir?! - deyə Xamneyi sifətinə sadəlövh görkəm verərək təəccübünü bildirdi.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. - Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim Konstitusiyamızda yazılmışdı ki, dövlət dilimiz ana dilimizdir. Biz hətta Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf elətdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Müstəqillik qazanandan sonra isə hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycanın dövlət dilində aparıram.

Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən tərcüməçi gətirmədiklərindən, yaxud Azərbaycan Prezidentinin reaksiyasını düşünmədiklərindən vəziyyətdən necə çıxacaqlarını bilmirdilər.

- Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. Amma Azərbaycan elə uzaq ölkə deyil ki, onun haqqında ən adi şeyləri də bilməyəsiniz, - deyə Heydər Əliyev yaranmış gərginliyi aradan qaldırdı.

Çıxanda isə İran tərəfinin protokol baxımından naqolay hərəkətinə bir daha işarə vuraraq Xamneiyə:

- Düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydalarından biri də Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, - dedi.

İranın ali dini rəhbəri hədəfə dəyən bu sözlərə:

- Əstəğfürullah! Əstəğfürullah! - deməklə cavab verdi”. (faktor.az)

© AzNews.az