“Maşın şou”nun geniş müzakirələrə səbəb olduğu bu günlərdə qəfil bir video ilə rastlaşdım. Bizim başıbəlalı müğənnimiz Röya min doqquz yüz çoxdanıncı ildə iştirak etdiyi “Maşın şou”da Pişik Günelə tərəf qışqıra-qışqıra danışır...
Röyanın nə dediyini tam ayırd eləmək çətindir. Səs bir az qarışır. Əslində, buna heç gərək də yoxdur. Çünki bizə söhbətin özü yox, məğzi lazımdır.
Röya Pişik Günelə təxminən bu sözləri deyir: “Mən səninlə rəqabət etmirəm, sənin nəyinlə rəqabət edim, buna ehtiyacım yoxdur, sən bunu başa düşmürsən?!”
Və Röya bu sözləri qışqıra-qışqıra, az qala ağlayaraq söyləyir.
Videonun altındakı şərhlərə baxanda görürsən ki, Röyanın qışqıraraq, bağıraraq söyləməyə məcbur olduğu bu həqiqəti nəinki Pişik Günel, heç tamaşaçılar da başa düşməyib.
Söyürlər.
Təhqir edirlər.
Həqiqət söyüşə layiq deyil!
Həqiqət söyüşlə qarşılanırsa, biz cəhalət faktı ilə üz-üzəyik.
Pişik Günellərin sayı həmişə çox olub. Röya kimi ifaçıları görməzdən gəlmək üçün ən optimal yol onu məhz bu çoxluqla muahatab etməkdir.
İstedadı xor məhv edir.
Röyanı bu xora qoşsan, qışqıra-qışqıra qalacaq və heç kimə heç nə başa sala bilməyəcək. Videoda göründüyü kimi.
İstedadsız adamlarda utanmaq, çəkinmək hissi zəif olur. İrəli durmağa amadədirlər. Başa düşmürlər ki, adam aid olmadığı yerə dürtüləndə, o yerin əsl sahiblərini incidəndə kənardan pis görünür. İstedadsızların ən böyük silahı kütlənin naşılığıdır. Kütlə qızılı misdən ayıra bilmir. Yağ adına şor sırıyırsan, sevinclə gəvələyir.
Röyanın qışqırığı mizan-tərəzinin əyilməsinə görədir.
Nə qədər olar axı?
Niyə anlamır adamlar?
O qədər anlamır və ya özünü o qədər anlamamış kimi aparır ki, Röya harayını Pişik Günelə çatdırır. Bəlkə sən anlayasan! Axı necə ola bilər bizim fərqimizi görməyəsən? İnsan kar da olar, kor da olar, amma bu qədər də yox!
Bir dəfə - çılğın gənclik çağlarımda şair Ramiz Rövşəni sərt tənqid eləmişdim. Həmin yazı çıxan qəzeti də qoltuğuma vurub “Taqrovı”da xoruz-beçə ədasıyla hərlənirdim. Mənə elə gəlirdi, ədəbi düşüncədə inqilab eləmişəm. Bu vaxt Ramiz Rövşənin yanında Pişik Günel kimi görünən orta yaşlı bir şairlə qarşılaşdım. Boynuma sarılıb üzümdən öpdü, dedi, yazını oxudum, əla yazmısan. Adam sevindiyindən qanadlanıb uçurdu. Öz-özümə dedim, ilahi, gör mən Ramiz Rövşəni kimin ayağına vermişəm! Bu nadanlığım üçün məni bağışla!
Və o gündən Ramiz Rövşəni bir daha tənqid eləmədim. Özümü haqlı saydığım məqamlarda da!
Səni heç vaxt təyinatın üzrə qiymətləndirmirlər.
Boynumu qucaqlayıb üzümdən öpən o şair düşünmür ki, aya, bu cavan oğlan Ramiz Rövşən kimi şairi belə tənqid edibsə, gör məni neyləyər?
Düşünmür, bəli.
Paxıllıq, şöhrət azarı, yersiz iddia gözlərini elə qapayıb ki, nə danışdığını, nə etdiyini başa düşmür.
Və çoxdur belələri.
Ədəbiyyatda da, musiqidə də, rəssamlıqda da, kinoda da, “Maşın-şou”da da.
Röya acizdir.
Çünki daş cəvahiri sındırır.
Şərif Ağayar