Dünya arenasına çıxmaq üçün latın əlifbasına keçdik - professor

25 Dekabr 2018 12:45 (UTC+04:00)

1991-ci il 25 dekabr tarixində Azərbaycan Əlifba Komissiyası tərəfindən hazırlanan layihə Azərbaycan parlamenti tərəfindən təsdiq olunub. Lakin müəyyən səbəblərdən latın qrafikalı Azərbaycan əlifbasına keçid prezident Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra mümkün olub. Bundan sonra 1 avqust Əlifba günü kimi qeyd olunub. 1990-cı ilin əvvəllərində latın qrafikasını bərpa etmək məqsədilə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini isə elmi faktlarla əsaslandıran ilk alim akademik Afad Qurbanov olub. O, həmçinin 1990-cı ildə yaradılan Azərbaycan Əlifba Komissiyasınıın sədri təyin edilib.

Müxtəlif dəyişikliklərə məruz qalan əlifbamızın dilimizə necə təsir göstərdiyini öyrənmək üçün Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu ilə əlaqə saxladıq.

M. Nağısoylu AzNews.az-a açıqlamasında ilk olaraq latın əlifbasına keçid mərhələlərindən danışdı:

“Bizim əlifbamızın kökündə Orxon Yenisey yazılarının qələmə alındığı rumın əlifbası dayanır. Amma bu, məhdud sayda yazılar idi. Ondan sonra biz islam dinini qəbul etdik. Dinlə yanaşı onun başqa şərtlərini də qəbul etməli olduq. Bunlardan bir də ərəb əlifbası idi. Uzun zaman ərzində, təxminən VII əsrdən başlayaraq 1929-cu ilə qədər ərəb əlifbasından istifadə etmişik. Amma latın əlifbası təkcə, Azərbaycan türkcəsi üçün deyil, türkdilli xalqlar üçün müəyyən maneələr, çətinliklər yaradırdı. Saitləri ifadə etmək üçün cəmi 3 hərf var idi, halbuki bizim dilimizdə 9 sait var. Ərəb əlifbasında bəzi hərflər var idi ki, dörd və ya iki yazılışı olurdu. Ümumiyyətlə, türk dilinə uyğun gəlmirdi. O dövrün məşhur dilçi alimlərindən olan Fərhad Ağazadənin də bununla bağlı “Ərəb əlifbası nə üçün türk dilinə yaramır?” adlı kitabı var idi.

1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dövründə Abdulla Əfəndizadə (Rəşid bəy Əfəndiyevin qardaşı) latın əlifbası ilə bağlı layihə hazırlamışdı. Bu layihə 1919-cu ildə qəbul edilib, çap olundu. Həmin kitabı hazırda Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətli nəşrə hazırlayıb. Kitabın adı isə belədir: “Son türk əlifbası”, müəllif: Abdulla bəy Əfəndizadə Azaqbəyli. Bu kitab 1919-cu ildə ərəb əlifbası əsasında çap olunmuşdu, indi isə bizim əlifbayla nəşr etdiririk. 1926-cı ildə I Bakı Türkoloji Qurultayında türklərin ortaq ünsiyyəti, əlifbası və dil məsələsi ortaya qoyuldu. Qərara alındı ki, bütün türklər üçün müvafiq latın qrafikalı əlifba hazırlansın”.

Professor bildirib ki, o əlifbaya ilk dəfə, 1919-cu ildə Azərbaycan keçdi:

“Sonra başqa türkdilli xalqlar olan qırğızlar, qazaxlar, tatarlar da bu əlifbaya keçdilər. Stalin gördü ki, türklər bir-birinə yaxınlaşırlar, bir fərmanla kiril əlifbasına keçid oldu. Beləliklə, 1940-cı ildən kiril əlifbasına keçid etdik. Amma qloballaşma, internet məkanı dövrü latın əlifbasını keçidi daha önəmli etdi. Latın əlifbasına keçid böyük hadisə idi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərman, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunla bu məsələ dəqiqləşdi. Hazırda dünyada ən çox yayılan latın əlifbasıdır. Ona görə də latın əlifbasına keçid mütərəqqi bir hadisə, dünya arenasına çıxmağımızın vasitələrindən biri idi. Bu, uğurla həyata keçdi. Bir müddət hər ikisi, xüsusilə, KİV-də paralel işlədildi”.

Direktor müxtəlif əliblara keçidin nəsillər arasında əlaqələrin qırılması baxımından mənfi təsiri olduğunu deyib:

“Bizim klassik ədəbiyyatımızın çoxu, təbii ki, ərəb əlifbasındadır. İstər Kitabi-Dədə Qorqudumuz, istər Nəsimi, Qazi Bürhanəddin, Füzuli. İndi də ana dilimizdə olan bir sıra abidələr var ki, hələ də öz nəşrini gözləyir. Onlardan biri dünyada yeganə əlyazma nüsxəsi olan 1539-cu ildə qələmə alınan “Şühədanamə”dir. Hazırda onun nəşrinin üzərində işləyirəm. Belə əlyazmalarımız var. Əlifbalar arasındakı keçidlər müəyyən mənada bizi mədəni irsimizdən ayırır. 1926-cı ildə bu məsələ qalxanda mübahisələr oldu. Bəziləri buna keçmək istəmirdi.

Dil məsələsini qaldıranlardan biri M. Fətəli Axundzadə olub. Amma sonra Həsən bəy Zərdabi, C.Məmmədquluzadə latın əlifbasına keçidin tərəfdarlarından idi. Həmin dövrdə C. Məmmədquluzadənin “Yeni yol” qəzetində bu məsələ işıqlandırılırdı. Amma bunun əleyhinə olanlar da var idi. Məsələn, Əli bəy Hüseynzadə və digərləri bununla razı deyildilər”.

M.Nağısoylu əlavə edib ki, ərəb əlifbası da bizi birləşdirirdi:

“İndi türkdilli xalqlardan bəziləri özbəklər, qazaxların əlifbasında müəyyən problemlər var. Qazaxlar latın əlifbasına yeni keçirlər. Müəyyən hərfləri 2-3 hərflə ifadə edirlər. Bu mənada müəyyən mənfi tərəfləri var. Amma bütövlükdə latın əlifbasına keçidin müsbət tərəfləri daha çoxdur”.

Bəzi klassiklərimizin fars şairi kimi tanınmasında müxtəlif əlifbalardan istifadənin təsiri olub olmadığı haqda direktordan fikirlərini öyrəndik.

Onun sözlərinə görə, bu yalnız dillə bağlı məsələdir.

“İslam şərqində ənənə var idi. Ərəb dili elm, fars dili poeziya dili sayılırdı. Türk dilində yazmaq çətin sayılırdı və daha çox məişət dili kimi tanınırdı. Amma saraylarda, xüsusilə Səlcuqlar dövründə (XIII əsr) farsca yazılma ənənəsi geniş yayıldı. Ona görə də Əfzələddin Xəqani, Nizami kimi şairlərimiz bu dildə yazırdı. Məsələn, Nizami Gəncəvini dünyanın əksər ensiklopediyalarında İran şairi kimi qələmə verirlər. Halbuki dil amili əsas deyil. Məsələn, Çingiz Aytmatov rus dilində yazır, amma heç kim onu rus yazıçısı kimi tanımır. Çingiz Abdullayev də rusca yazır, amma Azərbaycan yazıçısıdır. Nizaminin əsərlərində də Azərbaycan həyatı, dünyagörüşü, təfəkkürü öz əksini tapırdı. Təkcə bu amilə görə, fars şairi demək olmaz”.

Əsmər Qabil

AzNews.az