Hündür dabanlı ayaqqabı geyənlər – Diqqət!

15 Aprel 2013 20:07 (UTC+04:00)
Türkiyədəki özəl klinikalardan birində ayaq sağlamlığı üzrə mütəxəssis işləyən (Podiartrist) Nazlı Əkici, hündür dabanlı ayaqqabıların boyun və kürək, düz dabanlı ayaqqabıların isə bel və baldır ağrılarına səbəb olduğunu, yeni ayaqqabı alarkən isə axşam saatlarının seçilməsi gərəkdiyini bildirmişdir.

Ayaqqabı seçərkən ayaq sağlamlığını da nəzərə almağın vacib olduğunu deyən Podiartrist ayaq sağlamlığı üçün ilk olaraq ayağın şəklinə uyğun ayaqqabıların seçilməsini məsləhət görür. Genişlənər deyə alınan dar ayaqqabılar narahatlıq verməklə bərabər, barmaqların şəklini itirməsinə, basma problemlərinə, göbələk və döyənəklərin yaranmasına səbəb olur. Bu cür ayaqqabıların burxulma və ayaq biləyində incinmələrə yol aça biləcəyini vurğulayan Nazlı Əkici hündür dabanlı ayaqqabı geyənlərdə bədənin ağırlıq mərkəzinin önə doğru əyildiyini və insanın barmaq ucunda gəzirmiş kimi göründüyünü bildirir. Bu da dizə ağırlıq salır və nəticədə dizlərdə ağrılara səbəb olur. Eyni zamanda, beldə də ağrılar olur.

Qadınlarda bu problemə daha çox rast gəlinir

Ayaqqabının model və rəngi ilə bərabər, rahatlığı da nəzərə alınmalıdır. Həmçinin ayaqqabı təbii vəsaitdən hazırlanmalıdır. Dar, iti burunlu, hündür dabanlı ayaqqabılar bir çox sağlıq problemlərinə də səbəb olur. Xüsusilə hündür dabanlı və iti burunlu ayaqqabı seçən xanımların ayaq baş barmağı çölə doğru çevrilir, ayağın iç-yan kənarında da sümük çıxıntısı əmələ gəlir. Halluk Valgus adlanan bu problemə qadınlarda kişilərə nisbətən 5 dəfə çox rast gəlinir.

Ayaqqabılar axşam alınmalıdır

Gün ərzində ayaqlara ağırlıq yükləndiyindən axşama doğru onlar şişir. Buna görə də, ayaqqabıların axşam alınması məsləhətdir. Çünki axşam alınan ayaqqabı rahatdırsa, gün ərzində də sıxmaz və narahat etməz. Ayaqqabının uzunluq və genişliyi ayağınıza uyğun olmalıdır. Yaş artdıqca ayaq dabanında çökmə olduğundan ayaqlar ya uzanar, ya da genişlənər. Buna görə də, ayaq ölçünüzü müəyyən müddətdən bir yoxlayın. Sağlam ayaq üçün ayaqqabının daban yüksəkliyi 2,5 santimetri keçməməlidir.

Mətanət
AzNews.az