Bakı Mühəndislik Universitetində “IV Qış elm festivalı” keçirilib.
AzNews.az-ın məlumatına görə festivalda bir çox universitetin tələbələri və orta məktəb şagirdləri öz layihələri ilə çıxış ediblər.
Elmə yenilik qatan festivalda pedaqoji kateqoriya üzrə Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələri - Arzu İbişova, Ayan Ələkbərli, Təzəgül Məmmədova 1-ci yerə layiq görülüb.
Qalib olmuş layihə “Palimpsest kollaj” - (“Mətnlər və rəsmlər arasında yaşamaq”) adlanır. Palimpsest sözünün mənası qazımaq, keçmişə yenidən baxış; kollaj sözü isə təsviri incəsənətə aid olan ornamentlərin bir müstəvi üzərinə yığılmasıdır.
Layihənin rəhbəri Ülvi Babasoy bildirib ki, layihə yazıçı Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” hekayəsi üzərində qurulub. Hekayənin məğzini göstərən əsas dörd səhnə karikatura ilə işlənərək, İbrahim müəllim və ailəsinin həyatına lazım olan bucaqdan baxılıb: “Karikatura üzrə iş həm kənd, həm də şəhər olaraq, iki aspektdən işlənib. Layihənin məqsədi ədəbiyyatla sənət sahəsini birləşdirib, karikatura ilə ədəbi əsərlərdə olan bədii-emosional, ekspressiv çalarlığı yüksək səviyyədə çatdırmaqdır. Bu üsulla illər, əsrlər keçsə belə keçmişə qayıda bilirik. Cəbiş müəllimi bu gün də yaşadan əgər film kadrıdırsa, Cavid Zeynallının İbrahim müəllim obrazını da yaşadan bu layihə olacağına ümidvarıq”.
AzNews.az