Amerika qana boyandı-VİDEO

16 Aprel 2013 07:00 (UTC+04:00)


Amerikadakı Boston marafonunda partlayış baş verib. Finişə az qalan bir-birinin ardınca baş verən iki partlayışda ilk məlumata görə 3 nəfər ölüb, 144 nəfər yaralanıb. Yaralılar arasında bir neçəsinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı təxmin edilir. Polis yarışın keçirildiyi ərazinin yaxınlığındakı kitabxanada daha bir bomba tapıldığını açıqlayıb. Bunun da partlayışlarla əlaqəsi güman edilir.

Hadisədən dərhal sonra Ağ Evin təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Həmçinin Nyu-Yorkda əlavə polis qüvvələri cəlb edilib. Boston Polis Departamenti araşdırma aparıldığını bildirib. Boston şəhərinin 70 km-də yerləşən nüvə stansiyasının mühafizəsi gücləndirilib.

İlkin məlumatlara görə, partlayışda istifadə edilən bomba bundan əvvəl İraq və Əfqanıstanda istifadə edilən partlayıcı tipindəndir.

ABŞ prezidenti Barak Obama xalqa müraciət edərək hadisənin günahkarlarının tapılaraq cəzalandırılacağını vurğulayıb.

Bəzi mənbələr artıq terror aktını törədən Səudiyyə Ərəbistanı vətəndaşının saxlandığını bildirsə də, rəsmi dairələr xəbəri təsdiqləmir.

Elnarə
AzNews.az