8 qadını Türkiyədə satan insan alverçisinin məhkəməsi başlayır

3 Yanvar 2019 10:00 (UTC+04:00)

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzNews.az-ın xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Cinayət işində 8 zərərçəkmiş qadın var.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova 2018-ci ilin sonlarında həbs edilib.

Belə ki, o, 2017-ci ildən “İnterpol” kanalları ilə beynəlxalq axtarışa verilib. Məlum olub ki, M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub. O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

M.Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Azər

AzNews.az