Sabiq icra başçısının əmisi oğlu özünü təqsirli bilmir - Məhkəmə işi

3 Yanvar 2019 12:24 (UTC+04:00)

Rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə X.Məmmədov özünü təqsirli bilmədiyini deyib.

X. Məmmədov deyib ki, 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işləyib: “Rəisim Əvəz İsmayılov olub. Birlikdə işimiz məhlə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizlənməsi idi”.

Sabiq rəisi müavini bildirib ki, avtomobilinin ustası İlham Məlikov ona zəng edib: “Zəng etdi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Dedim ki, tikinti mənlik deyil. Məsləhət almaq istədiklərini dedilər, razılaşdım. Gedib əraziyə baxdım, dedim burda tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalısız. Daha sonra heç nədən xəbərim olmadı”.

Sabiq “JEK”in müdir müavini qeyd edib ki, 97 saylı JEK-in sədri Arif Gülgəzov ona zəng edib ərazidə bünövrə qazılır: “Mən orda işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi ki, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacağam. Səhəri gün Əmlak Komitəsi və Meriyadan sənədlər gətirdi. Dedim bunlar saxtadır, şübhələndim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və meriyada təsdiqlətsin. İyun ayında Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də ora getdim, meriyanın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi bütün sənədləri düzdü, sonra da tikintiyə davam etdilər. İki ay sonra da Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi ".

Proses yanvarın 4-də davam etdiriləcək.

İttihama görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə görə və dələduzluq edib və rüşvət alıb. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Prosesdə elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmə X.Məmmədova sərbəst ifadə vermək təklifi edib. Lakin o, növbəti iclasda ifadə verəcək.

Məhkəmənin növbəti iclası dekabrın 24-nə təyin edilib.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur.

Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.

Azər

AzNews.az