Cavad xan elə bir tarixin əsasını qoydu ki...

3 Yanvar 2019 15:06 (UTC+04:00)

Qacarlar nəslindən olan Cavad xan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi və Gəncə xanlığının sonuncu hökmdarıdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı altında uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olub.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov AzNews.az-a açıqlamasında bildirdi ki, Cavad xan, ümumiyyətlə Ziyadoğlular nəsli Azərbaycan tarixində bir simadır. Bu nəsildən olan insanlar hər zaman çalışıblar ki, nəslin adını doğrultsunlar, uca tutsunlar:

“Cavad xan elə bir tarixin əsasını qoydu ki, bu tarix uzun müddət çar Rusiyası, sovet Rusiya dönəmində təhrif olundu. Hətta “Qarabağnamə”ni yazan azərbaycanlı müəlliflər belə Cavad xanın ölümünü qəhrəmanlıq kimi təsvir etmədilər. Çox soyuq bir münasibət göstərdilər. Əksinə olaraq, Rusiyaya könüllü birləşmiş xanların və xanlıqların adlarını birinci çəkdilər. Amma zaman keçdi, haqq-ədalət yerini tapdı. Bu gün hər bir Azərbaycan məktəblisi, Azərbaycan gənci Cavad xanla öyünür. Çünki Gəncə qalası üzərində tikə-tikə doğrandı, oğlu da yanında, amma düşmənə təslim olmadı. Bu tarixi fakt üçün əlimizdə olan əsaslar general Sisianovun və Cavad xanın bir-birinə göndərdikləri məktublardır. Bu məktubların hər birini oxuyanda sevinirsən ki, belə bir azərbaycanlımız, xanımız, belə bir cəngavər insanımız olub... Onun yazdığı son cümlə budur ki, sənin ordun güclüdür, amma mən şəhid olandan sonra, yəni mənim meyidimin üzərindən keçməklə Gəncəni işğal edə bilərsən”.

A.İsgəndərovun sözlərinə görə, Azərbaycan tarixşünaslığında torpaq, vətən, millət, xalq deyəndə, bunlar üçün şəhid olan insanlar, sərkərdələr fikirləşəndə birinci olaraq Cavad xan ağıla gəlir:

“Hətta, rus tarixçiləri də bəzi əsərlərdə bunu etiraf ediblər. Düzdür, Cavad xanın müqaviməti qəhrəmanlıq kimi də verilməyib. Amma tarixçilərin özləri onun qəhrəmanlığına heyran olub. Ona görə də biz Azərbaycanda qəhrəmanlıq tarixini tərənnüm edəndə, kimlərisə fakt kimi göstərmək istəyəndə o sırada Cavad xan birincidir. Ruhu şad olsun. O Azərbaycan tarixinə şərəfli bir iz qoyub. Bu gün bu iz hər bir gənc üçün bir şəhidlik məktəbidir. O məktəb ki, vətəndən əziz, torpaqdan doğma heç nə yoxdur. Bu mövzu əslində bu gün də aktualdır. Ona görə ki, Azərbaycanın işğal altında qalan torpaqları var. Biz də o torpaqları Cavad xan kimi qorumalıyıq, qərdini onun qədər bilməliyik. Bu mənada, Gəncə xanlığının işğalı, Cavad xanın şəhid olması nə qədər ağrılı bir məsələdirsə, bir o qədər də qəhrəmanlıq tarixidir”.

Qeyd edk ki, Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Tarixi mənbələrə görə, Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi.

Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müyəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına dair and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.

Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur…

Elgün
AzNews.az