Sərdar Cəlaloğlunun “Stalin” poeması

16 Aprel 2013 11:24 (UTC+04:00)


Sərdar Cəlaloğlu quyuya elə bir daş atdı ki, yüz ağıllı çıxarmaqda acizdir. Doğrudan da indi biz Səməd Vurğuna nə cür münasibət bəsləyək? "Xalq şairi" fəxri adında saxlayaq, yoxsa "xalq düşməni" damğası vuraq?

"İndi xəbər verim oxucuma mən
O "millət rəhbəri" Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: "Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!..
– Bir dayan!
– Nə dedin?– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…"

("26-lar" poeması, Bakı, 1986, səh. 59).

Başqa nümunələr də var. Məsələn:

"Ağır fikirlərə dalmış Şaumyan,
Xəyalı göyləri hey yara-yara,
Əlvida söyləyir qaranlıqlara…
Onun üzündəki fırtınaya bax!
Böyük bir həsrətlə boğulmuş rəngi;
Onun baxışları alovlanaraq,
Döyünür köksündə polad ürəyi,
Böyük bir həsrətlə boğulmuş rəngi.
("26-lar" poeması, Bakı, 1986, səh. 61).

Misraların müəllifi, sözsüz, şəksiz Səməd Vurğundur. Və Səməd Vurğunu hətta bu könülə xoş gəlməyən, beyin qıcıqlandıran sətirlərdən belə tanımaq çox asan, rahatdır. Çünki o, Azərbaycan dilinin bütün zənginliyini, söz və məna çoxçalarlılığını ədəbiyyatımızda yetərincə istifadə edə bilmiş nadidə, təkrarsız şairlərdən biridir. Və təkcə o yox, o cümlədən Səməd Vurğunla ideoloji səngərləri sonda ayrı, amma ədəbi maraqları, hədəfləri eyni olan Mikayıl Müşfiq də.

Mən 30-40-cı illərin ədəbiyyat mənzərəsinə o qədər də yaxşı bələd deyiləm. Və əslində Azərbaycan ədəbiyyatşünaslığında o zaman kəsiminin hərtərəfli və qərəzsiz tədqiqi də yox dərəcəsindədir. Amma ayrı-ayrı ədəbi nümunələrlə oxucu tanışlığı tanışlıq zamanı görünən budur ki, hətta imzaları ilə heç bir rəğbət oyatmayan bir çox ədəbi simalar Azərbaycan dilinin büllur saflığını qoruyaraq ecazkar poetik nümunələr yaradıblar. Və bu günün, çağımızın şeiri onlarla müqayisədə çox vaxt sönük, boz-bulanıq, qusuntu kimi görünür.

Söz yox ki, müasir ədəbi tənqidtək, çağın oxucu zövqündə də sovet dövrünün yazıçılarına münasibətdə yanlış yanaşma var. Bu, ədəbi şəxsiyyətlərin müqayisələrində özünü daha qabarıq göstərir. Tutalım, lap elə Səməd Vurğunla Mikayıl Müşfiqin tutuşdurulmasında. Diletant müqayisəsində həmişə onlardan kimisə digərindən üstün tutma cəhdi görünür. Həm də çox aydın və qabarıq. Yanlışdır, məncə. Hər iki şairin yaradıcılığında dövrün siyasi tələblərinə uyğun ədəbi nümunələr çoxdur. Yəni "Mərsiyəsi o Şərqin çünki oxunub çoxdan" deyən Mikayıl Müşfiqin yaradıcılığında sovet qəlibləri nə qədərdirsə, Səməd Vurğunda da bir ədəd çox, ya da azdır. Başqa cür ola da bilməzdi, çünki hər iki şair eyni çağın yetirmələri idi.

Bəli, talelər, aqibətlər fərqlidir. Bəli, kimsə partiya biletini müstəqillik haqqında arzulardan üstün tutub. Bəli, kimsə repressiya girdabından yalnız uzun illərdən sonra, həm də gecikmiş bəraətlə çıxıb, digəri fəxri ad və şöhrətlə mumiyalanıb. Amma bu gün onların və yazıya adı düşməmiş digər ədiblərin, tutalım, lap Süleyman Rüstəminin siyasi müqayisəsi və mühakiməsi arxada qalmış zamana – Keçmişə atılan daşdır.

Əmin olun, o daş Zamanın heç topuğuna dəyməyəcək. Üstəlik, Sərdar Cəlaloğlu, ya bir başqa siyasi, ictimai, hətta ədəbi xadimi 2013-cü ildən, tutalım, 1953-ə köçürək. Sizcə, o, yəni lap elə Sərdar Cəlaloğlunu Demokrat Partiyasının sədri kimi təsəvvür eləmək asandır, yoxsa kolxoz sədri kimi?
Mən yüzə-yüz əminəm, Sərdar Cəlaloğlu o uzaq çağda yaşasaydı, "Stalin" poemasını Mikayıl Müşfiq yox, məhz o yazardı.
Və sonda: 1950-ci ildə Məmməd Əmin Rəsulzadənin yazdığı "Çağdaş Azərbaycan ədəbiyyatı" adlı əsərindən: "Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında, bir də "Vaqif" adlı mənzum dram yazıb... Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə, Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi beytləri birgə gözdən keçirək..."