ABŞ Konqresində Qurana əl basaraq and içəcək

3 Yanvar 2019 17:08 (UTC+04:00)

ABŞ-dakı ara seçkilərdə Minnesota ştatından Nümayəndələr Palatasına üzv olan Somali əsilli müsəlman siyasətçi Ilhan Omar konqresdəki andiçmə mərasimindən bir neçə saat əvvəl keçmişi ilə bağlı diqqətçəkici paylaşım edib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın siyasi tarixində konqresə girən ilk başıbağlı müsəlman siyasətçi ünvanını alan Omar Twitter hesabından atası ilə Washington DC hava limanından şəkil paylaşaraq “23 il əvvəl atam və mən Keniyadaki qaçqınlar düşərgəsindən Washington DC hava limanına enmişdik. Bu gün isə ilk Somali-amerikalı olaraq konqresdə and içmək üçün eyni hava limanına endik” yazıb.

Keniyada 4 il qaçqınlar düşərgəsində yaşayan Omar ABŞ-a 12 yaşında gəlib. Ara seçkilərdə Minnesota ştatında seçkilərə girərək Respublikaçı rəqibi Jennifer Zielinskiyə qalib gəlib.

ABŞ-da 6 noyabr ara seçkilərində qalib gələn və Miçiqan ştatından Nümayəndələr Palatasına seçilən Fələstin əsilli müsəlman Rashida Tlaib ilə Omarın da yer aldığı Nümayəndələr Palatası və Senat üzvləri bugün Konqresdə and içəcək.

ABŞ mediasının yaydığı xəbərə görə, Tlaib və Omar 1734-cü ildə İngilis dilinə tərcümə edilən və ABŞ qurucularından Thomas Jeffersona aid Quran-i Kərimə əl basaraq and içəcək.

Nigar CƏFƏR

AzNews.az