Çində uyğur ailələrini ziyarət edən "məmur qonaqlar"ın sayı açıqlandı

3 Yanvar 2019 18:57 (UTC+04:00)

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 1 milyon 120 min ictimai məmur 1 milyon 690 min uyğur-türk ailəsində qonaq olub.

Məlumatı Çin Kommunist Partiyası Uyğur Muxtar Bölgəsi Komitəsinin orqanı olan “Sincan gündəliyi” rəsmi qəzeti yayıb.

Bildirilib ki, ötən ilin 11 ayında həmin ictimai məmurlar uyğur ailələrdə “yatıb” qalıblar.

Kommunist məmurlar ailələrdə yemək yeyib, bayramları birlikdə keçirib, dostluqdan danışıblar. Məmurlar “Milli birlik və ailə” duyğusunu təbliğ edib, ailələri bölgənin paytaxtı Urumçiyə gəzməyə aparıblar.

"Qonaqlar"ın uyğur ailələrdə qalma müddəti məlum deyil. Məmurların bu ailələri ziyarət etməsinə razılıqlarının olub-olmaması barədə məlumat verilməyib.

Uyğur ailələrin “qonağı” olan məmurlar Bölgədəki hərbi dairələrin hərbçiləri, polis əməkdaşları və Çinin mərkəzi hakimiyyətinin təmsilçiləridir.

Bildirilib ki, həmin məmurlar uyğur və qazax ailələrində qalaraq uyğurların dini və milli heysiyyəti barədə Çin Kommunist Partiyası adından casusluq edirlər. Əhali onların davranışına etiraz etsə də, hakimiyyət buna məhəl qoymur. (report)

AzNews.az