“Əşşi, oğurluq pul idi də xərclədim, getdi...” - Cinayət işi

4 Yanvar 2019 09:35 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

AzNews.az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

İbrahim Mustafayev ifadəsində deyib ki, oğurluqdan əldə edilən 21 min manat pulu üç yerə bölüblər:

“Bu puldan mənə 6-7 min manat çatıb. Bundan da 4 min manat pulu iki günə xərclədim”.

İ. Mustafayev hakimin “İki günə 4 min manat xərcləmisən?” sualına “Əşi, oğurluq pul idi də xərclədim, getdi” cavab verərək deyib ki, evə girəndə qadının əlini yapışqanla bağlayıb:

“Kişinin əlini isə Tural bağladı. Kənardan bizi tanımasınlar deyə, maska taxmışdıq”.

Digər təqsirləndirilən Kənan Səfərov isə özünü qismən təqsirli bildiyini deyib.

Mehdi Əliyev də heç bir cinayət törətmədiyini deyib: “Mən o evə girməmişəm, boş yerə məni burda saxlayıblar. Özüm ağır epilepsiya xəstəsiyəm, hər an huşum gedə bilər. Çox xahiş edirəm, məni azadlığa buraxın”.

Proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 03.00 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar.

Əvvəl bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən R. Zərbəliyev və K. Səfərova qarşı istintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də, cinayət işində yer alan ittiham aktının nəticə hissəsində bəzi maddələr göstərilməyib. Həmçinin o söyləyib ki, istintaq zamanı iki zərərçəkmişin olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin adı qeyd edilib. Prokuror qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını və cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edib.

Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb.

Azər
AzNews.az