“Ötən il Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunub”

4 Yanvar 2019 15:45 (UTC+04:00)

Azərbaycan beynəlxalq əlaqələrin inkişafında böyük irəliləyişlərə nail olub. Prezident İlham Əliyev 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndiyini göstərir. Keçən il Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla fəaliyyət göstərib. Ölkəmizin beynəlxalq aləmdə tərəfdaşlarının sayı artıb.

Bu fikirləri siyasi ekspert, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.

Ekspert deyib ki, 2018-ci il Azərbaycanda sülh, sabitlik ili olub. Ötən il ABŞ və Rusiya kimi nəhəng dövlətlərin Baş Qərargah rəislərinin Bakıda görüşü keçirilib. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri möhkəmlənib. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı ilə bağlı çox aydın fikirlər əksini tapıb. Bu, bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqedədir.

R.Qonaqov qeyd edib ki, ki, Azərbaycanın İslam həmrəyliyi məsələsində də rolu artıb. İslam Əməkdaşlıq Təşkilatı, bütün müsəlman dünyası bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir.

Siyasi ekspertin sözlərinə görə, 2018-ci ildə ən böyük uğurlardan biri Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi oldu. Uzun illərdir nəticələnməyən məsələ artıq öz həllini tapıb. Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini verib. Xəzərin hüquqi statusunun həlli region ölkələri ilə yanaşı, dünya iqtisadiyyatı üçün də yeni səfhə açıb.

Ekspert bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli məsələsində 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Azərbaycan dövlətinin Ermənistana qarşı apardığı düşünülmüş, məqsədyönlü və prinsipial siyasət öz bəhrəsini verdi. Dövlətimiz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edib, Ermənistan iqtisadiyyatı çöküb. Bundan başqa, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət olunsun. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir.(AZƏRTAC)

© AzNews.az