Çin əhalisi azalacaq - Bəd xəbər

5 Yanvar 2019 09:13 (UTC+04:00)

Dünyada əhalinin sayına görə birinci olan Çində insanların sayı 2028-ci ildən başlayaraq azalacaq.

Bu barədə Çin Sosial Elmlər Akademiyasının Əhali və Əmək İqtisadiyyatı İnstitutunun hesabatında deyilir. Bildirilir ki, 2010-cu ildən başlayaraq Çində yaşı 65-dən yuxarı olan insanların sayı ildə 2,08 faiz artaraq 83,2 milyona çatıb. Paralel olaraq, yaşı 15-dən aşağı olanların sayı illik 2,25 faiz azalaraq 90,17 milyon nəfərə düşüb.

Hesabatda Çinin əhalisi sürətlə “qocalan” ölkəyə çevrildiyi bildirilir. Belə ki, Çində yaşı 65-dən yuxarı olanlar ümumi əhalinin 8,4 faizini təşkil edir. Bütün bu amillər 2028-ci ildən etibarən ölkə əhalisinin sayının artımına öz mənfi təsirini göstərməyə başlayacaq.

Hesabatda qeyd olunur ki, Çin növbəti illərdə əmək qabiliyyətli əhalinin sayının azalması problemi ilə də üz-üzə qalacaq. Belə ki, 2017-ci ildə ölkədə əmək qabiliyyətli (16-64 yaş arası) vətəndaşların sayı 5,78 milyon nəfər azalıb.

Qeyd edək ki, Çində əhalinin artımını təmin etmək üçün uzun illərdir tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətinin 2016-cı ildə dayandırılması da istənilən nəticəni verməyib. Ötən il yeni doğulanların sayı 13 faizdən çox azalaraq 15 milyona düşüb. Mütəxəssislər yeni doğulanların sayının azalmasını bir neçə amillə, o cümlədən həyat şəraitinin və səhiyyə xidmətlərinin qiymətinin getdikcə bahalanması, gec yaşda reallaşan nikahlarla əlaqələndirirlər. (Azərtac)