"Mehman Əliyevin Sahib Məmmədovun qəbuluna gəldiyini təsdiqləyirəm" - Radə Abbas

6 Yanvar 2019 13:16 (UTC+04:00)

"Elçibəy hakimiyyəti dövründə Sahib Məmmədov, əvvəlcə Yasamal rayonunun icra başçısı təyin olunmuşdu. O, zaman mən də onun köməkçisi vəzifəsində işlədim. Daha sonra Sahib Məmmədov Prezident Aparatında məsul vəzifəyə getdi, mən də PA-nın Ərazi idarəetmə orqanları ilə iş şöbəsində yenə onun köməkçisi kimi çalışdım. "Turan" Agentliyinin direktoru Mehman Əliyev də o zaman PA-da işləyirdi və bir neçə dəfə Sahib Məmmədovun qəbul otağında onu görmüşdüm. Mən hazırda QHT sektorunda fəaliyyət göstərdiyim və Mehman Əliyevi də bu sektorun nümayəndəsi olaraq tanıdığım üçün onu xatırlamaqda çətinlik çəkmirəm"- bu sözləri AzNews.az saytının əməkdaşı ilə söhbətində “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas deyib.

O, əlavə edib ki, qəbula gələn şəxslərin şöbə müdiri ilə hansı danışıqlar aparmasından məlumatsızdır: "Mən deyə bilmərəm ki, o, Sahib Məmmədovla görüşdə dövlət əhəmiyyətli bir məsələdən danışıb, yaxud şəxsi xahiş edib. Ancaq qəbula gəldiyini xatırlayıram və təsdiq edə bilərəm".

Xatırladaq ki, hazırda vətəndaş cəmiyyətinin önəmli simalarından olan Sahib Məmmədov bir neçə il öncə Mehman Əliyevin Elçibəy hakimiyyəti dövründə Sumqayıt hadisələri ilə bağlı film çəkilməsi üçün ayrılmış pulları mənimsəməkdə və "Turan" Agentliyinin maddi-texniki bazasına sərf etməkdə günahlandırıb. AzNews.az bu ittihamı yenidən gündəmə gətirdikdən sonra Mehman Əliyev Elçibəy hakimiyyəti dövründə Sahib Məmmədovu tanımadığını, heç zaman onun qəbuluna getmədiyini və ondan hər hansı xahiş etmədiyini bildirib.

Elmir Ramizoğlu,

AzNews.az