Qəbələ" klubu ilk transferini həyata keçirdi

6 Yanvar 2019 18:12 (UTC+04:00)

Bu gün 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən "Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirib.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb.

Son klubu "Zirə" olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb. 2010/2011, 2012/2013, 2013/2014 və 2014/2015 mövsümlərində də "Qəbələ"də çıxış edən Nəzirov "qırmızı-qara" formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. O, karyerası ərzində həmçinin "Kəpəz", "Turan", "Neftçi", "Standard" və "Sumqayıt"ın da formasını geyinib. Nəzirov Premyer Liqada 219 matç keçirib. Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb. Daha əvvəl "Zirə"nin qapıçısı ilə yollarını ayırdığı məlum olub.

AzNews.az