Yaponiyadan gedənlər vergi ödəyəcək

7 Yanvar 2019 09:56 (UTC+04:00)

Yaponiyanı gəmi və ya təyyarə vasitəsilə tərk edən hər bir şəxs bu gündən etibarən 1000 yen (təxminən 17 manat – red.) yeni vergi ödəməsi həyata keçirməli olacaq. Qanun bütün ölkələrin vətəndaşları üçün keçərlidir.

“RİA Novosti” agentliyi xəbər verir ki, Yaponiya hökumətinin hesablamalarına görə, 2020-ci ilə qədər ölkəyə təxminən 40 milyon turist gələcək və bu, ölkəyə böyük gəlir gətirə bilər.

İstisnalar gəmi və təyyarələrin ekipaj üzvlərinə, deportasiya edilən şəxslərə, iki yaşadək uşaqlara, tranzit sərnişinlərə, xüsusi reyslərlə gələn diplomatlar və sərnişinlərə, eləcə də, təcili eniş edən təyyarələrə və pis hava şəraitində Yaponiyada dayanmalı olan sərnişinlərə aid olunacaq.

“Əldə olunan gəlirlər turizm infrastrukturunun genişlənməsinə və möhkəmlənməsinə, eləcə də, turizm nəhənglərinin inkişafına sərf ediləcək”, - Yaponiya Maliyyə Nazirliyindən bildirilib.(oxu.az)

© AzNews.az