Azərbaycan Ermənistanı dəfələrlə qabaqlayır - Rəşad Süleymanov

7 Yanvar 2019 13:09 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında “AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov dedi.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, modernləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev də bəyan edib ki, Dağlıq Qarabağ problemi çözülməyənə qədər ölkənin ordu quruculuğu prosesi davam etdiriləcək:

“Hər il bunun üçün dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Son 10 ildə Azərbaycan Ordusunun silahlanması istiqamətində çox mühüm tədbirlər hyata keçirilib. Böyükmiqyaslı tədbirlər MDB məkanında Rusiyadan sonra məhz Azərbaycanda tətbiq edilib. Azərbaycan silahlanma prsesində çoxşaxəli istiqaməti əsas götürüb. Belə ki, Rusiyadan, Ukraynadan, Belarusdan, İsraildən, Türkiyədən, Pakistandan və digər ölkələrdən silah və hərbi texnikalar alınır. Bununla bərabər, Silahlı Qüvvələrin (SQ) peşəkarlaşdırılması istiqamətində də addımlar atılır. Təbii ki, yeni texnikalar əldə edilərkən peşəkar kadrların da hazırlanmasına ehtiyac yaranır. Ona görə də bu işlər paralel şəkildə aparılır. Bu gün Azərbaycan SQ-də tank, zirehli texnika, artileriya heyətləri tam şəkildə formalaşıb”.

R.Süleymanov qeyd etdi ki, bütün bu proseslər bir hədəfə yönəlib – ordunun gücləndirilməsinə. Eyni zamanda, ordunun sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atılır:

“Müdafiə naziri cənab Zakir Həsənov da bu günlərdə qeyd elədi ki, artıq hərbi hissələrin böyük hissəsi - təqribən 80 faizi müasirləşdilib, yenilənib. Bir neçə yeni hərbi hissələr inşa edilib. Həm dövlətin göstərdiyi diqqət, həm silahlanmaya ayrılan vəsait, həm də yeni silah və texnikaların əldə edilməsi və şəxsi heyətin peşəkarlığının artırılması beynəxlaq təşkilatlar tərəfindən də müşahidə edilir. Bu da Azərbaycanın bu pillə üzrə “Global Fire Power” indeksində irəliləməsinə imkan yaradır. Bu gün Azəraycan SQ hərbi texnikalarının sayına, eləcə də insan resursuna görə Ermənistanı dəfələrlə qabaqlayır. Azərbaycan Qafqazda “ildırım sürətli” müharibə apara biləcək yeganə dövlətdir. Yəni Azərbaycan Ordusu az itki verməklə qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir”.

Xatırladaq ki, “Global Fire Power”in 2017-ci il cədvəlinə əsasən, hərbi gücünə görə ölkə reytinqində Azərbaycan 58-ci, Ermənistan isə 93-cü yeri tutub.

Elgün
AzNews.az