Keçmiş prokuror bəraət istəyir

8 Yanvar 2019 09:38 (UTC+04:00)

Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair məhkəmə qərarından kassasiya şikayəti verib.

AzNews.az xəbər verir ki, keçmiş prokurorluq işçisinin məhkəmə prosesi yanvarın 9-da Ali Məhkəmədə keçiriləcək.

Şikayət hakim Əli Seyfəliyevnın sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, S.Nəsirov zərərçəkmiş şəxslərə ümumilikdə 150 min manatdan çox dələduzluq edib.

Xatırladaq ki, bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru S.Nəsirov barəsində prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsi S.Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də qərarı dəyişməyib.

Qeyd edək ki, S.Nəsirov barəsində tətbiq edilmiş şərti məhkum edtmənin ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsi də onun apellyasiya şikayətini təmin etməyib.

Azər
AzNews.az