“Dedi ki, 10 min verib işi bağlamışam, hara istəyirsən, şikayət elə!” - Vurulan piyada

8 Yanvar 2019 12:18 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında dekabrın 8-də Zabrat-Maştağa magistral xəttində piyada zolağından yolu keçən zaman maşınla vurulan Bakı şəhər sakini Aynur Məhərrəmova deyib.

O, bildirib ki, həmin vaxt sürücü ona ilkin tibbi yardım göstərməkdən boyun qaçırıb:

“Dəfələrlə təkid etsəm də, təcili yardım çağırmadı. Dedi ki, “əgər mən həkim çağırsam işə polis qarışacaq. Orada sənə baxmayacaqlar, üstəlik, mən polislə dil tapıb işi bağlayacam. Gəl sənə pul verim, xəstəxanaya getmə” - deyə məni ələ almağa çalışdı. Amma görəndə ki, mən təkid edirəm, məcbur olub qardaşıma telefon etdi, mənim qəza keçirdiyimi dedi. Özümü pis hiss edirdim, başım fırlanır, ürəyim bulanır, yeriyə bilmirdim. 40 dəqiqədən sonra qardaşım hadisə yerinə gəldi. Qardaşım məni xəstəxanaya gətirdi. Həkimlər müayinə etdilər. Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin 1795 saylı, 26.12.2018-ci il tarixli rəyinə əsasən, baş beyin silkələnməsi, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol gicgah, sağ bazu oynağı nahiyəsinin, sağ aşağı-baldır oynağı nahiyəsinin və sol ayağın 2 barmağının qançırları müəyyən edilib. O gündən xəstəxanadayam, Xudayar Xuduyev bir dəfə də olsun mənə baş çəkməyib. Aldığım müalicədə dava-dərmanın alınmasına kömək etməyib”.

Aynur Məhərrəmova qeyd edib ki, onun xəbəri olmadan Sabunçu rayon Polis İdarəsində açılan işə dekabrın 27-də xitam verilib:

“Xəstəxanaya yerləşdirildikdən sonra Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb. İşi müstəntiq Canpolad Nağıyev aparırdı. Amma o gün xəbər tutmuşam ki, işə xitam verilib. Mən şikayətçi olduğum halda iş necə bağlana bilər? Həm Xudayardan, həm də Sabunçu Rayon Polis İdarəsindən şikayətçiyəm. Onlar elə danışır, elə rəy verirlər ki, guya maşını mən vurmuşam. Sürücü deyir ki, mənim maşınımın buferi sınıb, onu düzəltdirməlidir. Biz ondan dəfələrlə müalicə üçün dəstək istəsək də kömək etməkdən boyun qaçırıb. Xudayar Xuduyev deyir ki, “10 min verib işi bağladım, hara istəyirsən get şikayət elə, məni narahat eləmə”.

Aynur Mərərrəmova məsələyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Qeyd edək ki, dekabrın 8-də Zabrat-Maştağa magistral xəttində Xudayar Xuduyev, idarə etdiyi Mersedes Benz markalı 90 BX 049 dövlət nömrə nişanlı avtomobil ilə piyada zolağından yolu keçən Bakı şəhər sakini Aynur Məhərrəmovanı vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

AzNews.az məsələ ilə bağlı qarşı tərəfin - hadisəni törətməkdə şübhəli bilinən sürücü Xudayar Xudiyevlə də əlaqə saxlayıb.

O, bildirib ki, Aynur Məhərrəmovaya müalicəsi üçün 1000 manat pul verib: “Mən onu yox, o məni vurub. O, nə istəsə deyə bilər, qanun-qayda var. Araşdırma aparılıb. Mən qələt edərəm, hacı kimi ona elə söz demişəmsə. İlk olaraq dedim ki, heç yerə zəng etmə, müalicəni edəcəm. Razı olmadı, qardaşını gətizdirdi. Qardaşı da gəlib tərbiyəsizlik edərək məni təhqir elədi. Gedib qanuna təslim oldum. 1000 manat da pul verdim, daha nə istəyir? Mən hacı olaraq onu Allahın dərgahına tapşırıram. Əgər günahım varsa, cəzamı çəkməyə hazıram”.

Bahar RÜSTƏMLİ
AzNews.az