Gürcüstanın 5 tibb müəssisəsi fövqəladə iş rejiminə keçdi

8 Yanvar 2019 12:21 (UTC+04:00)

Yanvarın 8-dən başlayaraq Gürcüstanın İşğal Olunmuş Ərazilərdən olan Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin əmrinə əsasən Tbilisidə 5 tibb müəssisəsi fasiləsiz, fövqəladə iş rejimində fəaliyyətə başlayıb.

Məqsəd ölkədə qrip virusunun yayılmasının qarşısını almaq, virusa yoluxmuş xəstələrə təcili, təxirəsalınmaz tibbi yardım göstərməkdir. Nazirlik əhaliyə xəbərdarlıq edib və onları qripin ilk əlamətlərini hiss etdikdə xəstəxanalara müraciət etməyə çağırıb.

Qrip virusunun əlamətlərini hiss edən hər bir şəxs 24 saat ərzində ailə həkimindən və bu xəstəxanalardan məsləhət, eləcə də tibbi yardım ala bilərlər.

Məlumat üçün qeyd edək ki, hazırda Gürcüstanda qrip virusu sürətlə yayılır. Əhalinin hər yüz min nəfərindən 256-sı qrip virusuna yoluxub. Nazirliyin məlumatına görə, xəstəliyin epidemiya halı alması üçün əhalinin hər yüz min nəfərindən 450-500-nün virusa yoluxması lazımdır.

Bu gün Gürcüstanı ən çox narahat edən məsələlərdən biri də H1N1 virusunun yayılmasıdır.

Səhiyyə müəssisələrinin məlumatına görə, ölkədə laboratoriya şəraitində 162 nəfərin qrip virusuna yoluxması təsdiqlənib. Onların da böyük əksəriyyətinin - 158 nəfərinin məhz H1N1 virusuna yoluxduğu məlum olub. Digər 4 nəfərdə H3N2 virusu aşkarlanıb.

Donuz qripindən 9 nəfər dünyasını dəyişib.(AZƏRTAC)

© AzNews.az