2 nəfəri qətlə yetirən mütəşəkkil dəstənin cinayət işi

8 Yanvar 2019 13:25 (UTC+04:00)

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, cinayət işi Baş Prokurorluqda araşdırılaraq yenidən məhkəməyə göndərilib.

Hakim bildirib ki, prokurorluq təqsirləndirilən şəxslərin barəsində hər hansı əlavə ittiham irəli sürməyib.

Daha sonra zərərçəkmişin hüquqi varisi, mərhum İlqar Məmmədovun oğlu Baş Prokurorluğun qərarına şifahi etiraz edib. O, prokurorluğun cinayət işini düzgün araşdırmadığını və cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə kollegiyası yerində qısa müşavirədən sonra elan edib ki, zərərçəkmişin hüquqi varisi, mərhumun oğlu vəsatətini yazlı şəkildə məhkəməyə təqdim etməlidir. Buna görə də proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla F.Axverdiyevun 20 il və Q.Kərimovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

Təqsirləndirilən şəxslərdən Q.Kərimov özünü qismən təqsirli bilib, F.Axverdiyev və V.Rüstəmov isə özlərini təqsirli bilməyiblər.

Azər
AzNews.az