Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin oğlu məhkəmə qarşısında - FOTO

8 Yanvar 2019 15:33 (UTC+04:00)

Nəsirov İnsaf Teyyub oğlu üzərindən məhkumluğunun götürülməsi ilə bağlı Ali Məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, İ.Nəsirovun məhkəmə prosesi yanvar ayının 9-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, İnsaf Nəsirov bacısının keçmiş qayınatası Rauf Kazımovu döyməkdə təqsirli bilinib. Cinayət hadisəsi 2014-cü il iyunun 1-də Şəmkir rayonunda baş verib. Zərərçəkənin oğlu Raul Kazımovun verdiyi məlumata görə, keçmiş qohumları Nəsirov Saleh Teyyub oğlu, Nəsirov İnsaf Teyyub oğlu, Nəsirova Məryəm Teyyub qızı və Nəsirova Səbinə onun atasını vəhşicəsinə döyüblər. İddiaya görə, onlar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsi müdirinin müavini işləyən Teyyub Məhərrəm oğlu Nəsirova arxayın olub, bu hərəkəti ediblər. Baş vermiş hadisə ilə bağlı isə təkcə İnsaf Nəsirova döymə maddəsi ilə Şəmkir RPŞ-də cinayət işi başlanıb.

Araşdırmalar zamanı məlum olub ki, Məryəm Nəsirova (Kazımova) Rauf Kazımovun oğlu Raul Kazımovun keçmiş həyat yoldaşıdır və münaqişənin baş vermə səbəbi də məhz cütlüyün ayrılmasıdır.

Belə ki, Teyyub Nəsirovun qızı Məryəm Nəsirova (Kazımova) Kazımovların dediklərini təkzib edən faktlar açıqlayıb.

M.Nəsirovanın sözlərinə görə, Raul Kazımovla 2004-cü ilin oktyabr ayının 1-də sevərək ailə qurub və bu izdivacdan iki övladları dünyaya gəlib: “Əvvəllər Raul Kazımovla çox yaxşı münasibətlərimiz olub, bir-birimizi başa düşmüşük. Qayınanam Lyudmila Kazımova işimizə qarışandan sonra isə hər şey dəyişdi. Çünki Raul anasının dediyindən başqa heç kimin fikrinə qulaq asan adam deyil. Münasibətlərimiz gərginləşəndən sonra dəfələrlə ərimin yanında qayınatam və qayınanam tərəfindən ağır ifadələrlə təhqir olunmuşam. Amma bu barədə valideynlərimə məlumat verməmişəm. Elə bir ailədə böyümüşəm ki, heç vaxt belə sözləri qulağım eşitməyib”.

M.Nəsirova bildirib ki, təxminən 9 il Lyudmila Kazımova başda olmaqla, ailənin bütün kaprizlərinə dözüb və nəhayət, hadisələr pik həddə çatandan sonra - 2013-cü ilin noyabr ayında məcburən bu barədə atasına məlumat verib.

2013-cü ilin noyabrından 2014-cü ilin martına qədər davam edən bu gərginlik onunla nəticələnib ki, tərəflər Gəncə Şəhər Polis İdarəsində üz-üzə gəliblər. Polisdə uşaqların iki ay atasıyla qalmasına razılıq əldə edilib. Razılaşmaya görə, may ayında - dərs ili bitəndən sonra Məryəm Kazımova Şəmkirə - Raul Kazımovun evə gedərək övladlarını Bakıya, yay tətilinə gətirməliymiş. Amma: “Uşaqları gətirmək üçün Şəmkirə getdim. Evə çatan kimi qaynanam Lyudmila Kazımova qışqırmağa başladı ki, “Rauf, Natellanı oğurlayırlar”. Hay küy düşdü. Qızımı səs-küydən kənarlaşdırmaq istəyəndə üstümə hücum çəkdilər, sonra məni döyməyə başladılar. Paltarlarımın cırıq-cırıq edildiyi, özümə yetirilən xəsarətlər telefonumdakı videoda və fotolarda əksini tapıb. Yalnız bundan sonra qardaşlarım məni müdafiə etmək üçün araya girdilər. Yəni hər şey onların dediyi kimi baş verməyib və Rauf Kazımovun müəyyən xəsarətlər alması qardaşlarımın məni müdafiə etməsi anında baş verib”.

M.Nəsirova atasının adının bu məsələdə hallanmasını da istəməyib və hətta keçmiş həyat yoldaşını atasının işə düzəltdiyini bildirib: “Mənim atam Teyyub Nəsirovun bu məsələlərə heç bir aidiyyəti yoxdur və onun adının hallanmasını istəmirəm. Çox təəssüf ki, ailə qurandan sonra Raulun “ana uşağı” olduğunu bildim. Atam onu Sərhəd Qoşunlarına işə düzəltdi. Bu da onun “çox sağ ol”udur. Biz artıq Şəmkir polisinə şikayət etmişik, məsələ araşdırılır. İzahat da vermişik. Qarşı tərəf də polisə müraciət edib”.

Azər
AzNews.az