Gənc Tamaşaçılar Teatrı qastrolda - FOTO

8 Yanvar 2019 15:41 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən "Fəcr" Beynəlxalq Teatr Festivalına dəvət alıb.

AzNews.az-ın məlumatına görə, festival çərçivəsində “Bir səbət tənhalıq” tamaşası yanvar ayının 8-9-da Ərdəbil şəhərində teatrsevərlərə ve festival jurisinə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, işıq üzrə rəssamı Vadim Kuskovdur. Musiqi tərtibatı İradə Muradovaya, səhnə tərtibatı Zəminə Orucovaya aiddir. Tamaşada rolları əməkdar artist Güşvər Şərifova, aktyor Anar Seyfullayev canlandırıblar. Səhnə əsəri əbədi bir tənhalıq ideyasını müxtəlif baxış bucaqlarından göstərir. Qəhrəmanlar tənhalığın əziyyətini çəkirlər, lakin həyatdan ümidlərini üzməyiblər və hər biri öz könül şahzadəsini gözləyir. Xoşbəxtliyin onların da evlərinə daxil olacağında ümidləri var. Tamaşanın məziyyəti bu əbədi ideyaları dinamik və plastik oyun vasitəsilə çatdırmasıdır.

Qeyd edək ki, Məcid Vahidzadənin eyniadlı pyesi esasında hazırlanmış "Bir səbət tənhalıq" tamaşasına hələ 2013-cü ildə quruluş verilib. Tamaşa 2013-cü ildə Azərbaycanda keçirilən "2+1" Eksperimental Tamaşalar Festivalında Diplomla təltif edilib. 2014-cü ildə isə Türkiyədə keçirilən Beynəlxalq Teatr Festivalında diploma layiq görülüb.

AzNews.az