Mehmanın pəhrizi, NED-in kəhrizi - Taleh Şahsuvarlı yazır

8 Yanvar 2019 15:39 (UTC+04:00)

Mehman Hüseynovun guya ölüm aclığına başlaması barədə həftələr öncə dövriyyəyə bir şayiə buraxıldı.

Əgər həmin xəbər doğru olsaydı, bu gün Mehman Hüseynov adlı gənc vətəndaşın ac və susuz vəziyyətdə qalmasının, ən azı 12-ci, yaxud 13-cü günü olmalı idi.

İki həftəyə yaxın ac və susuz qalmaq, qidadan imtina etmək orqanizm üçün sıradan bir hal deyil, ciddi fəsadlar törədə biləcək, insanı ölümün astanasına gətirəcək durumdur.

12-13 gün yox, lap elə bir-iki sutka qidadan imtina edən şəxs həkim nəzarətinə götürülür, əgər həmin kəs məhbusdursa, tibb məntəqəsinə köçürülür.

Bəs, Mehman Hüseynov indi haradadır?

14 saylı cəzaçəkmə müəssisəsində!

Haradan bilirik bunu?

Vəkil Fuad Ağayev deyir. O, “Amerikanın səsi”nə açıqlayır:

"Mən bu gün, yanvarın 6-da müstəntiqlə əlaqə saxladım. O, dedi ki, Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib”.

Elə həmin gün Penitensiar Xidmət də Mehman Hüseynovun aclıq keçirməsi üzündən Penitensiar Xidmətin tibb məntəsinə köçürülməsi barədə başqa bir dezinformasiyanı təkzib etmişdi: "Mehman Hüseynovun müalicə müəssisəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Hüseynov su və qida qəbul edir, səhhətində hər hansı problem yoxdur”.

Bu cümlələri isə “Amerikanın Səsi”nə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov ərz etmişdi.

Dünən isə Mehman Hüseynovun süni şəkildə gündəmdə saxlanılan aclıq aksiyası ilə bağlı cənab Sadıqov başqa bir açıqlama verdi:

"Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir".

Xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: "Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb".

Deməli, Mehman Hüseynov adlı məhbus, sadəcə, bir gün pəhriz saxlayıbmış.

Məsələ Penitensiar xidmət üçün bitib. Ancaq “5-ci kolon” məhbus blogerin "acı bağırsağından" tutub bu söhbəti uzatmaqda davam edir.

Səbəbləri, nədənləri məlumdur.

Yanvarın 21-25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək.

Sessiya zamanı AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar. Həmçinin interneti idarəetmə və insan hüquqları məsələləri də gündəmə gətiləcək. Bundan əlavə, Gürcüstanda keçirilmiş prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistandakı növbədənkənar parlament seçkiləri (9 dekabr) də masaya çıxarılacaqdı.

Həmin müzakirələri Ermənistanın lehinə, Azərbaycanın əleyhinə çevirmək üçün düymə Mehman Hüseynovun qardaşı Emin vasitəsi ilə basıldı, Azərbaycandakı “5-ci kolon” hərəkətə gətirildi.

Diqqətinizi bir məqama yönəltmək istəyirəm.

Penitensiar Xidmətin rəsmi məlumatına görə, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə növbəti ümumi axtarış aparılıb və baxış zamanı Mehman Hüseynovun üzərindən 461 manat pul çıxıb.

461 manat dörd-beş başlıq bir külfətin aylıq dolanışığıdır, Azərbaycanın ən pullu saytlarında bir müxbirin maaşından çoxdur. Kim ötürüb, hansı qaynaqdan ötürülüb bu məbləğ? Hansı qüvvələr və hansı paralardır sosial şəbəkə tüfeylisini məhbəsdə “burjuy”a çevirən?

Budur, ABŞ Konqresi tərəfindən hələ 1983-cü ildə yaradılmış və CİA ilə əlaqəli fəaliyyət göstərməsi artıq heç kimdə şübhə doğurmayan Milli Demokratiya Fondu (NED) təkcə 2017-ci ildə Azərbaycanla bağlı anonim təşkilatlara 1 milyon 31 min 681 dollar maliyyə ayırıb. 2018-ci ildə ayırılan məlumatlar təşkilatın saytında hələ əksini tapmadığından, bildirin rəqəmlərinə istinad edirəm. Əlbəttə, deyilə bilər ki, qrant almaq suç deyil. Doğrudan da elədir və bu fəaliyyət qanunla tənzimlənir. Ancaq şəffaflıq prinsipi pozulursa, qrant verən də, alan da maliyyə ayırılan qurumun adını gizləyirsə, həmin paralar Azərbayana qeyri-leqal yollarla keçirilirsə, deməli, həmin vəsait heç bir halda demokratiyanın inkişafına, vətəndaş cəmiyyətinin maraqlarına xidmət etməyəcək.

Odur ki, gündəmdə Mehman Hüseynovun pəhrizi yox, “5-ci kolon”un kəhrizi, həmin kəhrizin Əli Kərimli, Cəmil Həsənli, İlqar Məmmədov, Arif Əliyev, Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli, Emin Hüseynov kimi “kənkan”ları olmalıdır əslində. Məhz onların qazan doldurmaq üçün qazdığı lağımlar vasitəsi ilə Azərbaycana çirkli pullar, çirkli sular axıdılır və kanalizasiyanın qapağı qaldırılan andaca sosial şəbəkələri üfunət bürüyür... Onlar üçün Mehman, sosial şəbəkələrdə məzlumluq effekti yaratmaq üçün ağ dovşandır, həmin sağolmamışlar və sağalmamışlar “aclıq aksiyasını dayandırmamalıdır, ölməlidir” mənasına gələn çağırışlarla qanını Azərbaycan dövlətinin ağ pencəyinə axıtmaq üçün o ağ dovşanın başını kəsməyə çoxdan hazırdırlar. Tərtiblənən ov mərasimi, mərasimdəki aslanlar, çaqqallar, tazılar, o cümlədən “Washington post”da tirajlanan yazılar bir məqsədə xidmət edir - dovşanın qanı ilə Azərbaycan cəmiyyətini ovsunlamağa... Yoxsa Əkrəm girdiyi küpdən niyə çıxsın, Rüstəm siyasi qəbiristanlıqdan niyə xortlasın?

Bu yazının yazıldığı dəqiqələrdə hüquq müdafiəçisi Sahib Məmmədov cəzaçəkmə müəssisəsindən Mehman Hüseynovla birgə çəkdirdiyi foto paylaşdı. Maşallah, namxuda, turp kimidir, sifətindən qan damır. Belə demək təbiri-caizsə, “ac” əlinə düşəni yeyir, bayırdakı toxlar isə ağzına gələni deyirmiş.

Məhz bu şəkildən sonra Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin koordinatoru, Kolumbiya Universitetinin tədqiqatçısı Herman Reyesin həbsxanada aclıq aksiyaları ilə bağlı bir məqaləsinə istinad edərək bəzi mülahizələrimi paylaşmaq istəyirəm.

Əvvəla, Reyesin də xüsusi vurğuladığı kimi, ajiotaj yaratmağa hesablanmış qidadan imtina cəhdlərinin heç də hamısı “aclıq aksiyası” xarakteri daşımır.

İkincisi, Mehman Hüseynovun bir günlük pəhrizi həbsxanada aparılmış axtarış tədbirləri zamanı, rəsmi açıqlamaya əsasən, pozmuş olduğu qaydadan və yol verdiyi qanunsuzluqdan, ən azı, diqqət yayındırmağa xidmət etdiyindən, “protest” kimi dəyərləndirilə bilməz. Bu, protest yox, aferistlikdir, hansı ki, Mehman bu bacarığını azadlıqda olarkən də dəfələrlə nümayiş etdirib.

Üçüncüsü, Herman Reyesin dili ilə deyirəm: “Etirazçı yemək imtinaçıları, sadəcə, məhkumların təməl hüquqlarının qorunduğu ölkələr üçün xarakterikdir. Basqıçı rejimlərdə, “başbəlası” sayılan məhkumların öz səslərini, tələblərini nəinki həbsxanadan bayıra çıxarmaları, heç həbsxana içində də duyurmaları mümkünsüzdür”.

Dördüncüsü, Mehman Hüseynovun əhvalatında bir daha üzə çıxdığı kimi, maraqlı qruplar “aclıq aksiyası” adı altında toplumsal çatışmalar yaratmaq (ədliyyə zabiti Əli Abdalovun evinin qarşısındakı aksiyanı yadınıza salın) və mediadan, sosial şəbəkələrdən, o cümlədən, bəzi beynəlxalq təşkilatlardan təzyiq vasitəsi kimi istifadə etmək niyyəti güdürlər.

Bəli, Mehman Hüseynov olayında Azərbaycan dövlətinin, hakimiyyətinin, prezidentinin yaxasına darışanların məqsədi DARDAKININ ÇÖRƏYİ deyildi, heç ac adama halva kimi şirin gələn DARI ÇÖRƏYİ də - onlar NED-in "yağlı kökə"sini yeməyə öyrəşiblər - deyildi, sadəcə, Suriyanın, Ermənistanın darısını Azərbaycanın başına tökmək istəyirdilər, YENƏ ALINMADI!