Türkiyə İrandan neft tədarükünü bərpa etdi

8 Yanvar 2019 18:43 (UTC+04:00)

Türkiyə ötən ilin noyabr ayındakı fasilədən sonra dekabrda İrandan neft tədarükünü bərpa edib.

Bu barədə "Reuters" agentliyi ticarət mənbələrindən aldığı məlumatlara istinadən xəbər yayıb.

"Ötən ilin noyabr ayında Türkiyənin İrandan neft idxalı sıfıra bərabər idi. Lakin dekabrda Türkiyəyə iki tanker İran nefti çatdırılıb. Onların həcmi gündəlik 54 min barelə bərabər olub", - agentlik məlumat verib.

Agentlik mənbələrə və "Refinitiv Eikon"un məlumatlarına istinadən əlavə edib ki, Türkiyə yanvar ayında da "Sinopa" tankerindən İran nefti tədarük etmək niyyətindədir.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bəyan etdiyi kimi, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub. Eyni zamanda rəsmi Vaşinqton Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə üçün neft sanksiyalarından müvəqqəti istisnalar təqdim edib.

Türkiyəyə təqdim edilmiş istisnalara əsasən, ölkə ildə 3 milyon ton və ya gündə 60 min barel neft idxal edə bilər. Vaşinqtonun sanksiyaların bərpası ilə bağlı açıqlamasından əvvəl isə Türkiyə gündəlik, təxminən, 200 min barel İran nefti alırdı. (report)

AzNews.az