Londonun “Heathrow” hava limanında bütün uçuşlar dayandırıldı

8 Yanvar 2019 23:30 (UTC+04:00)

Böyük Britaniyanın London şəhərində “Heathrow” hava limanında bütün uçuşlar təxminən 1,5 saat dayanıb.

AzNews.az xəbər verir ki, illik təxminən 70 milyon sərnişinə xidmət edən "Heathrow" hava limanının üstündə icazəsiz uçan dron aşkarlanıb.

Bu səbəbdən bütün eniş və uçuşlar dayandırılıb.

Ölkənin ikinci ən böyük hava limanı olan "Gatwick" hava limanında da ötən ay belə bir olay yaşanmışdı. Həmin vaxt bildirilmişdi ki, bu cür hadisələrin qarşısını almaq üçün yeni bir sistem qurulacaq.

Həmin vaxt təxminən 2 gün boyunca minə yaxın uçuş dayandırılmış, 100 mindən çox sərnişinin səfərləri təxirə salınmışdı. Dronun uçurulmasında təqsirli bilinən 2 nəfər isə dindirilmədən sonra sərbəst buraxılmışdı.

Hadisədən sonra "Gatwick" hava limanına təxminən 5 milyard funt sterlinq dəyərində dronu aşkarlama sistemi quraşdırılmışdı.

Qanuna əsasən İngiltərədə hava limanlarının yaxınlığında dron uçurdan şəxslərə 5 ilə qədər həbs cəzası verilə bilər.

Pərvanə Ağazadə

AzNews.az