Yanacaqdoldurma məntəqəsinə hücum edənlərin şikayətləri təmin olunmadı

9 Yanvar 2019 10:54 (UTC+04:00)

Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

AzNews.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, H.Mansurovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, ötən il aprelin 16-da, gecə saat 03.00-da Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs - Həsən Mansurov və Bəxtiyar Camalov orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Mansurov 11 il, B.Camalov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan H.Mansurov apellyasiya şikayəti verib.

Azər
AzNews.az