“Ərdoğan onu adam yerinə qoymadı...” - ABŞ mediası

9 Yanvar 2019 11:19 (UTC+04:00)

Amerikanın nüfuzlu media qurumları Boltonun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməməsini diqqətdə saxlayıb.

Qeyd edək ki, Con Boltona Türkiyədə soyuq münasibət onun İsraildə olarkən səsləndirdiyi fikirlərdən qaynaqlandı. Ameriklı diplomat Təl-Əvivdə olarkən “ABŞ Suriyanın şimalındakı YPG-nin təhlükəsizliyi təmin edilmədən öz qüvvələrini bölgədən çıxarmayaraq”, deməklə rəsmi Ankarada etiraz yaratmışdı.

Bundan sonra Con Boltonun Türkiyə prezidenti ilə görüşmək cəhdləri iflasa uğradı. O, Ankarada olarkən, yalnız prezidentin mətbuat katibi İbrahim Kalınla görüşə bildi. Görüşə telefonla qatılan Ərdoğan Boltonu tənbeh edərkən, onun görüş tələbini də geri çevirdi, buna ehtiyacın olmadığını dedi.

Ankaradakı bu gəlişmə ABŞ mediasının diqqətindən də yayınmayıb.

“Nyu-York Tayms” qəzeti yayımladığı məqalədə “Ərdoğan Boltonu adam yerinə qoymadı” ifadəsinə yer verib.

“CNBC” saytının isə məsələyə münasibəti belə olub: “Ərdoğan Suriya məsələsində Boltona qapıları bağladı”.

“Vaşinqton Post” da məsələyə yer ayırıb: “Ərdoğan kürd döyüşçüləri ilə bağlı açıqlamasından sonra Boltonu tənbeh etdi və onu adam yerinə qoymadı”.(teleqraf.com)

© AzNews.az