Neftin qiymətini bazar diktə edir - Ərəb nazir

9 Yanvar 2019 13:16 (UTC+04:00)

Nazirin sözlərinə görə, OPEK “neft bazarında həm istehlakçılar, həm də istehsalçılar üçün ədalətli, tarazlaşdırılmış vəziyyət yaratmağa çalışır və gələcəkdə istehsalın təmin edilməsi üçün zəruri olan trilyonlarla dollar sərmayə qoyulmasını təşviq edir”.

Nazir onun OPEK Konfransının prezidenti kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar dərc edilmiş bəyanatında qeyd edir ki, OPEK ilə bu təşkilata daxil olmayan tərəfdaşlar arasında qarşıdakı illərdə əməkdaşlığın davam etdirilməsi üçün 2018-ci ildə əldə edilmiş irəliləyiş, heç şübhəsiz, ötən ilin ən əlamətdar hadisələrindən olub. O vurğulayıb ki, dekabr ayında OPEK-in 175-ci Konfransında bu əlamətdar paktın imzalanması münasibətlərin bundan sonra da inkişaf etməsi və genişlənməsi yolunda mühüm addımdır.

Nazir bildirib ki, 50 ildən artıq müddətdə OPEK-in layiqli üzvü olan BƏƏ öz həmfikirləri və tərəfdaşları ilə həm bu təşkilat çərçivəsində, həm də onun hüdudlarından kənarda sıx əməkdaşlıq edir.

Əl-Mazrui OPEK ilə onun tərəfdaşları arasında 2016-cı ilin dekabr ayında imzalanmış “Əməkdaşlıq haqqında bəyannamə”ni istehsalın səviyyəsinə düzəliş edilməsi barədə könüllü saziş adlandırıb və bildirib ki, bu saziş ehtiyatların həddən çox yığılmasının qarşısını alacaq. Təşkilatın məqsədi həm istehsalçıların, həm də istehlakçıların mənafeyi naminə neft bazarında uzunmüddətli və davamlı sabitliyi təmin etməkdir.

Qeyd edək ki, Əl-Mazrui 2017-ci il dekabrın 1-də OPEK-in 173-cü iclasında 1 il müddətinə OPEK konfransının prezidenti vəzifəsinə seçilib.(AZƏRTAC)

© AzNews.az