Mühəndislik və robototexnika yarışı keçiriləcək

9 Yanvar 2019 17:31 (UTC+04:00)

Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışı keçiriləcək.

AzNews.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq və hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməkdir. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Qeydiyyatdan keçən bütün komandalar yarışda iştirak qaydaları ilə bağlı təlimatlandırılıb. Komandalara yarışda iştirak üçün FLL dəstləri paylanılıb.

Yarışın yerli turnir və mükafatlandırma mərasiminin cari ilin aprelin 6-da baş tutacağı planlaşdırılır.

FLL 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edirlər. FLL şagirdləri real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir.

Hər il dünyanın 88 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda uğurla təmsil edib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir.

Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri təhsil robotlarının tədrisdə istifadəsi üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunub.

Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.

Səidə Nurməmmədli
AzNews.az