Sahil Babayev 5 rayonun sakinləri ilə görüşəcək

10 Yanvar 2019 11:59 (UTC+04:00)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 25 yanvar 2019-cu il tarixdə Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

AzNews.az xəbər verir ki, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) bağlı müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq yanvarın 23-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Səidə Nurməmmədli
AzNews.az